Azərbaycanın dilbər guşələrindən biri olan Laçının işğaldan azad edilməsi və yenidən dirçəldilməsi tarixi zəfərimizin və milli qürurumuzun təcəssümüdür.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər ilin 26 avqust tarixi Laçın Şəhəri Günü kimi qeyd olunur. Məhz bu tarixi zəfərin şərəfinə təsis olunan Laçın Şəhəri Günü təkcə bir təqvim günü deyil, həm də doğma torpağa qayıdışın və böyük quruculuğun təntənəsidir.
Otuz ilə yaxın həsrətdən sonra zəngin təbiətinə və doğma qucağına qovuşan bu qədim diyar hazırda özünün yeni, müasir inkişaf dövrünü yaşayır. Qısa müddət ərzində aparılan genişmiqyaslı abadlıq və tikinti işləri sayəsində şəhər öz əvvəlki əzəmətini bərpa edərək addım-addım modern görünüşə qovuşur.
Bu əlamətdar gün laçınlıların uzun illər həsrətlə gözlədikləri öz ata-baba yurdlarına tam hüquqlu və əbədi qayıdışının simvoluna çevrilib. Zəngin tarixi, sıx meşələri, səfalı bulaqları və bənzərsiz arxitekturası ilə seçilən Laçın bu gün yenidən həyat işığı saçır. Müasir infrastruktur layihələrinin uğurla icra olunduğu şəhərin iqtisadi və turizm potensialı da artır. Hər il böyük coşğu və qürur hissi ilə qeyd edilən bu bayram əhalinin doğma ocaqlarında təhlükəsiz və rifah içində yaşamaq əzmini bir daha nümayiş etdirir.
Laçın Şəhəri Günü eyni zamanda torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Bu tarixi gün Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilən modern gələcəyinin və sarsılmaz birliyimizin parlaq təzahürüdür.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında bildirib ki, Laçın Şəhəri Günü bizim üçün sadəcə təqvimdə qeyd olunan bir tarix deyil, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını simvolizə edən əlamətdar gündür:
“Laçının işğaldan azad olunması ilə Azərbaycan xalqı uzun illər həsrətində olduğu doğma şəhərinə qovuşdu. Bu gün Laçın artıq işğal və dağıntı ilə deyil, quruculuq, inkişaf və Böyük Qayıdışla assosiasiya olunur.
Laçının qısa müddətdə yenidən qurulması və şəhərin keçmiş sakinlərinin öz doğma yurdlarına qayıtması dövlətimizin qarşıya qoyduğu strateji məqsədlərin uğurla həyata keçirildiyini göstərir. Burada yaradılan müasir infrastruktur, sosial obyektlər, yaşayış məhəllələri və həyata keçirilən layihələr Laçının gələcəkdə Azərbaycanın ən gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevriləcəyinə əminlik yaradır”.
Millət vəkili qeyd edib ki, Laçın həm də Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi prosesinin mühüm simvollarından biridir:
“Bu ərazilərdə həyatın yenidən canlandırılması Azərbaycanın öz gücü və imkanları hesabına həyata keçirdiyi böyük qayıdış siyasətinin nəticəsidir. Laçın Şəhəri münasibətilə bütün laçınlıları və xalqımızı təbrik edir, bu qədim şəhərimizə daim sülh, firavanlıq və inkişaf arzulayıram”.
Elmir Mustafa



