“Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek Zirvə toplantısında iştirakı Azərbaycanın son illərdə ardıcıl şəkildə həyata keçirdiyi çoxvektorlu və milli maraqlara əsaslanan xarici siyasətin növbəti mühüm təzahürüdür”.
Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Bişkekdə keçirilən Sammit 17 dövlətin liderini bir araya gətirir və təşkilatın gündəliyində təhlükəsizliklə yanaşı, iqtisadi, nəqliyyat və regional əməkdaşlıq məsələləri dayanır:
“Azərbaycanın ŞƏT ilə əməkdaşlığı son illərdə yeni məzmun və dinamika qazanıb. Ölkəmiz üçün bu platformanın əsas əhəmiyyəti ilk növbədə geniş Avrasiya məkanında siyasi dialoqun, iqtisadi əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlıdır. Azərbaycan bu münasibətlərə hər hansı hərbi-siyasi bloklaşma prizmasından deyil, müstəqil xarici siyasət və praqmatik əməkdaşlıq baxımından yanaşır”.
Deputat qeyd edib ki, Azərbaycanın ŞƏT məkanında xüsusi əhəmiyyətini artıran əsas amillərdən biri onun unikal geostrateji mövqeyidir:
“Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən Azərbaycan bu gün mühüm nəqliyyat-logistika qovşağına çevrilib. Orta Dəhlizin inkişafı, Şimal-Cənub nəqliyyat marşrutu, Xəzər üzərindən daşımaların genişləndirilməsi və Azərbaycanın müasir nəqliyyat infrastrukturu ŞƏT ölkələri üçün də yeni imkanlar yaradır. Bu baxımdan nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyi gözlənilir.
Əməkdaşlığın digər mühüm istiqamətləri təhlükəsizlik, terrorizm və transmilli cinayətkarlıqla mübarizə, ticarət, investisiya, energetika, rəqəmsal texnologiyalar və humanitar əlaqələrdir. Azərbaycanın həm Mərkəzi Asiya dövlətləri, həm Çin, həm də digər Asiya ölkələri ilə münasibətlərinin yüksələn xətt üzrə inkişafı ŞƏT platformasında əməkdaşlıq üçün əlavə imkanlar yaradır”.
Millət vəkili vurğulayıb ki, bu səfərin daha bir mühüm tərəfi Azərbaycanın beynəlxalq diplomatiyada artan çəkisini nümayiş etdirməsidir:
“Prezident İlham Əliyevin son illərdə ŞƏT Sammitlərində ardıcıl iştirakı Azərbaycanın artıq Avrasiya məkanında gedən mühüm siyasi və iqtisadi proseslərdən kənarda qalmadığını, əksinə, öz mövqeyi və təşəbbüsləri ilə bu proseslərin fəal iştirakçısına çevrildiyini göstərir.
Azərbaycanın siyasətinin əsas üstünlüyü ondadır ki, ölkəmiz əməkdaşlıq istiqamətlərini bir-birinə alternativ kimi görmür. Azərbaycan həm Avropa üçün etibarlı enerji tərəfdaşıdır, həm Türk Dövlətləri Təşkilatında fəal rol oynayır, həm İslam dünyası ilə əlaqələrini gücləndirir, həm də ŞƏT kimi böyük Avrasiya platformaları ilə əməkdaşlığını inkişaf etdirir”.
Jalə Əliyeva diqqətə çatdırıb ki, məhz bu balanslı, müstəqil və çoxvektorlu siyasət Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirir:
“Bişkek Sammiti də Azərbaycan üçün yeni siyasi əlaqələrin qurulması, mövcud əməkdaşlığın genişləndirilməsi və xüsusilə nəqliyyat, ticarət və investisiya sahələrində gələcək perspektivlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan - ŞƏT əməkdaşlığının perspektivi kifayət qədər genişdir və bu əməkdaşlıq ölkəmizin “orta güc” kimi formalaşan beynəlxalq mövqeyini daha da möhkəmləndirən mühüm istiqamətlərdən biri kimi qiymətləndirilə bilər”.
Elmir Mustafa



