“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) dünyada gedən ictimai-siyasi və iqtisadi mübarizənin kəsişmə nöqtəsində yaranıb”.
Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, yeni dünya nizamının yaranması fonunda baş verən güc mərkəzlərinin formalaşması belə bir təşkilatın meydana çıxmasına şərait yaradıb:
“Prinsipcə, ŞƏT-in yaranması labüd idi və zaman göstərdi ki, təşkilat getdikcə gücünü və dünya iqtisadiyyatına təsirini artırmaqdadır. Bu səbəbdən onun sıralarına qatılmaq arzusunda olan dövlətlərin sayı ildən-ilə artır.
Lakin üzvlərin artmasının başqa, daha optimal və səmərəli yolu var ki, bu da təşkilatın təsisçilərinin arzusu ilə baş verir. Bu yola istiqamətlənən dövlətlərdən biri də Azərbaycandır. Çünki ölkəmizin coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, enerji potensialı və Şərq-Qərb əlaqələrində oynadığı rol bu istiqamətin nə qədər vacib olduğunu ortaya qoyur”.
Ekspert qeyd edib ki, Azərbaycan Avropadan Asiyaya və Asiyadan Avropaya açılan pəncərədir və Çin-Mərkəzi Asiya-Cənubi Qafqaz-Avropa marşrutunun mühüm hissəsidir:
“Dünya Bankı Azərbaycanı Orta Dəhlizin əsas ölkələrindən biri kimi göstərir. Azərbaycandan keçən Orta Dəhliz ŞƏT ölkələri üçün strateji nəqliyyat imkanları yaradır. Çənub-Şərqi Asiya ölkələri, başlıca olaraq nəhəng Çin iqtisadiyyatı üçün Avropaya quru yol əvvəllər Rusiyadan keçirdi.
Bu isə ambisiyalı Rusiyanın həmin istiqamət üzərində dominantlıq etməsinə şərait yaradırdı. Orta Dəhliz isə çoxsaylı ölkələrdən keçir və bir-birinə bağlı olan bu ölkələrin ayrıca dominantlıq etmək imkanı sıfırlanır. Yəni, qarşılıqlı mənfəət və məsuliyyət hökmü yaranır. Bu da təhlükəsizliyi və davamlılığı təmin edir”.
Həmsöhbətimiz əlavə edib ki, digər bir mühüm şərt Orta Dəhlizin Azərbaycan ərazisində Şimal-Cənub dəhlizi ilə birləşməsidir:
“Bu o deməkdir ki, Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri Qərb istiqamətində Avropa ilə yanaşı Şmal və Cənub istiqamətində Körfəz ölkələri, Rusiya və Afrika ölkələrinə də yeni çıxış nöqtəsi əldə edirlər. ŞƏT kimi böyük bir iqtisadi əməkdaşlıq təşkilatının Azərbaycan üçün əhəmiyyətli olmasının bir səbəbi də ölkəmizin bu təşkilatla əməkdaşlıq etməyə hazır olmasındadır.
Belə ki, artıq ölkəmiz öz imkanları sayəsində müasir logistika mərkəzinə çevrilib. Bakı Beynəlxalq Dəniz Limanı, dəmir yolları və avtomobil yolları Azərbaycanı Xəzər üzərindən Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas tranzit məntəqələrindəndir. Azərbaycanın coğrafi mövqeyi də bu tələblərə cavab verir”.
N. Novruzov vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın bütün parametrlər üzrə ən güclü dövlətidir və regional təhlükəsizlik və sabitlik baxımından tələblərə tam cavab verir:
“10 iyul 2015-ci ildən Azərbaycan ŞƏT-in dialoq tərəfdaşıdır. Bu statusun verilməsi haqqında memorandum 14 mart 2016-cı ildə Pekində imzalanıb. Hazırda ŞƏT-in rəsmi məlumatına görə Azərbaycan təşkilatın 15 dialoq tərəfdaşından biridir.
Eyni zamanda, Azərbaycan ŞƏT üzvləri ilə ikitərəfli əlaqələri sürətlə inkişaf edir və bu da yaxın gələcəkdə tam üzvlük üçün ciddi əsaslar yaradır. Bütün bunlar Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycan üçün necə mühüm əhəmiyyət daşıdığının göstəricisidir və gələcəyə inamla baxmağa imkan verir”.
Elmir Mustafa



