“Möhkəm sülh elə də uzaqda deyil. Azərbaycanın beynəlxalq hüquqa söykənən baxışları tədricən Ermənistan tərəfindən qəbul edilir”.
Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq (ŞƏT) Təşkilatının üzvü olmasa da, təşkilata üzv ölkələr tərəfindən keçirilən müxtəlif tədbirlərə mütəmadi olaraq dəvət olunur:
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşkilatın yüksək səviyyəli tədbirində iştirakı ölkəmizlə Şanxay Əməkdaşlıq Təşkilatı arasında münasibətlərin daha da möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli əlaqələrin yeni mərhələyə yüksəlməsinə töhfə verir.
Şanxay Əməkdaşlıq Təşkilatı əsasən iqtisadi əməkdaşlıq platforması kimi çıxış etsə də, onun sammitlərində zaman-zaman dünya qarşısında dayanan qlobal problemlərin həlli yolları da müzakirə olunur. Əgər hər hansı regional təşkilat öz regionunda əmin-amanlığın və əməkdaşlığın təmin olunmasına töhfə verirsə, bu, bütövlükdə dünyanın tədricən sülhə doğru irəliləməsi baxımından da əhəmiyyətlidir”.
Deputat qeyd edib ki, dünyanın bir sıra aparıcı ölkələri Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür və həmin dövlətlər Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verirlər:
“Prezident İlham Əliyevin tədbir çərçivəsində keçirdiyi görüşlərə də diqqət çəkib. Bu görüşlər Azərbaycanla əməkdaşlığa digər ölkələrin verdiyi önəmi bir daha nümayiş etdirir. Dövlətimizin başçısının Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü də iki ölkə arasındakı münasibətlərində diplomatik səylərin gücləndirilməsi istiqamətində növbəti mühüm addım kimi qiymətləndirilə bilər”.
Millət vəkili əlavə edib ki, artıq tərəflər parlamentarilər və humanitar dairələr arasında əlaqələrin gücləndirilməsi barədə qərar veriblər:
“Bu da onu göstərir ki, Azərbaycanla Ermənistan arasında daimi sülh olacaq. Azərbaycan Ermənistanla digər qonşu dövlətlərlə olduğu kimi əməkdaşlığın, dostluğun və normal qonşuluq münasibətlərinin qurulmasında maraqlıdır və bu istiqamətdə daim addımlar atır”.
Sevinc



