Son günlər Azərbaycana qarşı bəzi Qərb media resurslarında yayılan məlumatlar yenidən diqqət mərkəzindədir.
Xüsusilə bir sıra materiallarda hadisələrin birtərəfli təqdim edilməsi və əsassız şəkildə siyasi kontekstdə şərh olunması Bakının etirazına səbəb olub. Hətta bəzi media resursları konkret olaraq ölkəmizi hədəf alaraq dezinformasiya kampaniyası həyata keçirir.
Siyasi şərhçi Azər Həsrət Hit.az-a açıqlamasında deyib ki, Qərb mediası deyəndə söhbət total hücumdan getmir:

“Lakin anti-Azərbaycan kampaniyası davam edir. Əslində, bu kampaniya heç vaxt dayanmayıb. Sadəcə, bəzən heç bir əsas olmadan ortaya çıxaraq anti-Azərbaycan təbliğatı aparan qüvvələr olur. Təbii ki, burada sual yarana bilər onları nə vadar edir ki, birdən-birə belə kampaniyalara başlayırlar? Məsələ ondadır ki, anti-Azərbaycan mərkəzləri bir an belə fəaliyyətlərini dayandırmırlar. Onlar bu və ya digər formada Azərbaycanı daim təzyiq altında saxlamağa çalışır və bunun üçün mediadan da istifadə edirlər”.
Həmsöhbətimiz qeyd edib ki, Qərb mediasının aparıcı qurumları arasında korporativ və şəxsi maraqlara xidmət edənlər kifayət qədər çoxdur:
“Onlar müəyyən maliyyə və digər maraqlar qarşılığında bu cür kampaniyalara qoşulur, heç bir dəxli olmadığı halda, yeri gəldi-gəlmədi Azərbaycana qarşı hücumlar təşkil edirlər. Düşünürlər ki, Azərbaycanı bu yolla küncə sıxışdırmaq, təzyiq vasitəsilə ondan nəsə əldə etmək mümkündür.
Amma bir şeyi unudurlar artıq Azərbaycan əvvəlki Azərbaycan deyil. İllər əvvəl, bəli, bizi müəyyən mənada sıxışdırmaq mümkün idi. Çünki ciddi çətinliklərimiz var idi, torpaqlarımız işğal altında idi, dövlətimiz yetərincə ayaq üstə dura bilmirdi”.
Siyasi şərhçi onu da əlavə edib ki, əvvəllər cəmiyyətimiz də kifayət qədər pərakəndə vəziyyətdə idi:
“Hakimiyyətlə xalq, yaxud cəmiyyətin müəyyən hissələri arasında müxtəlif anlaşılmazlıqlar mövcud idi. Bu səbəbdən Qərb mediasının bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərərək müəyyən nəticələr əldə etməsi mümkün ola bilərdi.
Lakin indi vəziyyət fərqlidir. Azərbaycanda hakimiyyət-xalq birliyi var. Xalqın mütləq əksəriyyəti Azərbaycan hakimiyyətinin və Azərbaycan dövlətinin arxasındadır”.
Azər Həsrət diqqətə çatdırıb ki, Azərbaycan artıq dünyada öz sözünü deyən, orta gücə çevrilmiş bir dövlətdir:
“Belə bir dövlətin üzərinə müxtəlif media kampaniyaları ilə getmək ciddi yanlışlıqdır. Ən yaxşı yol Azərbaycanla əməkdaşlıq etməkdir. İstər media qurumları, istərsə də digər mərkəzlər Azərbaycanla qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində münasibətlər qurmağa çalışmalıdırlar. O zaman görəcəklər ki, Azərbaycanın üzərinə bu cür kampaniyalarla gəlmək böyük yanlışlıqdır”.
Sevinc

