“Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı quruculuq və bərpa prosesinin beynəlxalq ictimaiyyətə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.
O, həm səfərdən, həm də Meksikanın ölkəmizdəki səfirliyinin Müstəqillik Günlərini Şuşada qeyd etmələrinin əhəmiyyətindən danışıb:
“Bu səfərlər diplomatlara həmin ərazilərdə real vəziyyəti yerində görmək, görülən işlərlə tanış olmaq və Azərbaycanın yaratdığı yeni reallıqları birbaşa müşahidə etmək imkanı verir. Xüsusilə Şuşa kimi Azərbaycanın tarixi, mədəni və mənəvi simvoluna çevrilmiş şəhərdə beynəlxalq tədbirlərin keçirilməsi diqqətəlayiqdir.
Bundan başqa, Meksikanın Azərbaycandakı səfirliyi artıq ikinci dəfə Müstəqillik Günlərini Qarabağda - Şuşada qeyd edir. Əlbəttə ki, bu da çox əhəniyyətli bir addımdır və xüsusi məna daşıyır. Bu, təkcə diplomatik protokol xarakterli tədbir deyil, həm də Şuşanın artıq beynəlxalq tədbirlərə ev sahibliyi edən, müxtəlif xalqları və mədəniyyətləri bir araya gətirən şəhər kimi yeni statusunu nümayiş etdirir”.
Deputat qeyd edib ki, bu kimi tədbirlərin Qarabağda keçirilməsi Azərbaycanın bu ərazilərdə sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına yönəlmiş siyasətinin göstəricisidir:
“Eyni zamanda, xarici diplomatların səfərləri onların gördükləri reallıqları öz ölkələrində və beynəlxalq platformalarda daha obyektiv şəkildə çatdırmaları baxımından da əhəmiyyətlidir. Qarabağ və Şərqi Zəngəzur bu gün təkcə bərpa olunan ərazilər deyil, Azərbaycanın yeni inkişaf və əməkdaşlıq məkanına çevrilir.
Burada müasir şəhərlərin salınması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, infrastruktur layihələrinin həyata keçirilməsi və beynəlxalq tədbirlərin təşkili regionda həyatın yenidən canlandığını göstərir. Diplomatların bu ərazilərə səfərləri həm də Azərbaycanın açıq və şəffaf mövqeyinin ifadəsidir. Azərbaycan öz ərazisində həyata keçirdiyi işləri beynəlxalq nümayəndələrə qürirla nümayiş etdirir”.
Jalə Əliyeva vurğulayıb ki, onların Qarabağ və Şərqi Zəngəzuru görməsi, burada gedən prosesləri yerində qiymətləndirməsi ölkəmizin mövqeyinin beynəlxalq səviyyədə daha yaxşı anlaşılmasına xidmət edir:
“Meksikanın milli gününün məhz Şuşada qeyd olunmasını isə Azərbaycanla Meksika arasındakı münasibətlərin yüksək səviyyəsinin və Şuşanın beynəlxalq mədəni-diplomatik mərkəzə çevrilməsinin simvolik göstəricisi kimi qiymətləndirirəm. Qarabağ bu gün yalnız Azərbaycanın tarixi torpağı deyil, eyni zamanda sülhün, mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın məkanıdır”.
Elmir Mustafa


