Partiya sədri: “Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri çox vacib idi”

SİYASƏT
12:47 / 15.09.2026
262

“İşğaldan azad edilmiş ərazilərə - Qarabağ və Şərqi Zəngəzura təşkil olunan xarici diplomatların səfəri çox yüksək qiymətləndirilməlidir”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, həddindən artıq vacib addımdır:


“Çünki xarici diplomatlar öz gözləri ilə hər şeyi gördülər, ermənilərin çoxsaylı saxtakarlıqlarının və vəhşiliklərinin şahidi oldular. Bu, həm də çox xoş bir missiya idi. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun, Fransa səfirini əvəz edən xanımın və ABŞ səfirliyinin nümayəndələrinin bu səfərdə iştirakı erməniləri çox qıcıqlandırırdı”.

Siyasətçi qeyd edib ki, diplomatlar burada gördüklərinə təmiz və aydın şəkildə yanaşdılar:
“Bildiyiniz kimi, Maqdalena Qrono buradan sonra Ermənistana gedib. Ona görə də onların öz gözləri ilə gördükləri faktlar – həm ermənilərin vəhşilikləri, həm də Azərbaycanın həyata keçirdiyi quruculuq işləri böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Azərbaycan öz həqiqətlərini birinci mənbədən çatdırdı və çox səmimi bir söhbət baş tutdu. 

Səfər geniş tərkibdə həyata keçirilmişdi. Orada 150-dən artıq insan var idi ki, onların da hamısı diplomatik rütbəli şəxslər - həm səfirliklərin, həm də beynəlxalq təşkilatların nümayəndələri idilər. Bu baxımdan, belə səfərlərin təşkili həddindən artıq dərəcədə vacibdir”. 

Həmsöhbətimiz vurğulayıb ki, orada bir məqam xüsusilə diqqəti cəlb etdi:
“Biz bilirdik ki, bir müddət əvvəl işğaldan sonra belə bir fakt ortaya çıxmışdı: ermənilər muzeydə şüşə altında saxta “qədim erməni İncili” və ya “qədim erməni kitabı” yerləşdirmişdilər. Onlar da bundan istifadə edərək kitabın yalnız birinci səhifəsini qədim erməni hərfləri ilə saxtalaşdırıb qoymuşdular ki, guya altında böyük bir sənət əsəri, böyük bir yazı var. Sonradan məlum oldu ki, üz qabığından başqa kitabın daxili ancaq ağ vərəqlərdən ibarətdir. 

Bu, dünyada görünməmiş bir saxtakarlıqdır. Diplomatlar bu saxtakarlığı da öz gözləri ilə gördülər. Hamı orada təəccübünü və təbəssümünü gizlədə bilmirdi ki, bu nə qədər yalançı və saxtakar bir yanaşmadır. Onlar, həm bu saxtakarlıqları gördülər, həm də ümumiyyətlə tarixə, muzeylərə, dinə olan xəyanətin şahidi oldular”.

Akif Nağı əlavə edib ki, diplomatlar öz təəssüratlarını bölüşmək baxımından da çox vacib bir təcrübə qazandılar: 
“Şuşada və digər ərazilərdə yerli sakinlərlə, uşaqlarla həlim və səmimi bir mühitdə söhbətlər aparıldı. Öz gözləri ilə görüb məlumat almaq baxımından bu səfər son dərəcə əhəmiyyətli idi. Bütün bunlara görə bu cür səfərlər vaxtaşırı olaraq davamlı şəkildə təşkil edilməlidir”.

Elmir Mustafa

0