Paşinyan nə üçün sülh sazişinin imzalanmasını ləngidir?

SİYASƏT
14:47 / 22.10.2026
260

“Sülh sazişinin imzalanması ilə bağlı Ermənistan rəhbərliyinin son açıqlamaları müəyyən suallar yaradır”. 

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Nikol Paşinyanın əvvəlcə 2031-ci ilə qədər olan müddətdən danışması, daha sonra isə sazişin 2027-2028-ci illərdə imzalana biləcəyini bildirməsi prosesin yekunlaşması üçün hələ də konkret siyasi təqvimin olmadığını göstərir:


“Əsas məsələ budur: əgər sülhə siyasi iradə varsa, onun hüquqi təminatlarının yaradılması niyə bu qədər vaxt aparmalıdır? Məncə, burada bir neçə amili nəzərə almaq lazımdır. İlk növbədə, Paşinyan Ermənistan daxilindəki siyasi qüvvələrin mövqeyini, konstitusiya dəyişiklikləri ətrafında yaranmış fikir ayrılıqlarını və mümkün ictimai reaksiyaları hesablayır. 

Digər tərəfdən, Ermənistanın müxtəlif geosiyasi mərkəzlərlə münasibətlərini tarazlaşdırmaq cəhdi də qərarların qəbuluna təsir göstərə bilər. Lakin sülh prosesi siyasi manevrlərin girovuna çevrilməməlidir. Azərbaycan üçün əsas məsələ Ermənistan rəhbərliyinin nə qədər nikbin bəyanat verməsi deyil, həmin bəyanatların konkret hüquqi və siyasi addımlarla təsdiqlənməsidir”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın mövqeyi aydındır:
“Rəsmi Bakı tələb edir ki, Ermənistanın əsas qanununda ölkəmizin ərazi bütövlüyünə qarşı iddialara hüquqi əsas yarada biləcək istinadlar aradan qaldırılmalıdır. Ermənistan tərəfi isə mövcud Konstitusiyanın belə iddialar yaratmadığını bildirir. Bu fikir ayrılığı həll edilmədən davamlı sülhün hüquqi əsasları ətrafında suallar qalacaq.

Burada maraqlı bir məqam da var. Paşinyan sülhün Ermənistanın dövlətçiliyi üçün vacib olduğunu bildirir. Əgər belədirsə, onun möhkəmləndirilməsi üçün zəruri qərarların qəbuluna da eyni siyasi qətiyyət göstərilməlidir. Sülhü istəmək başqa, onun məsuliyyətini üzərinə götürmək başqadır”.

Vüqar İskəndərov diqqətə çatdırıb ki, Azərbaycan 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalarla sülh prosesinə münasibətini nümayiş etdirib:
“İndi vacib olan əldə edilmiş nəticələrin konkret icra mexanizmləri ilə tamamlanmasıdır. Paşinyan vaxt qazanmaqla daxili siyasi riskləri azaltmağa çalışa bilər. Ancaq unutmaq olmaz ki, siyasətdə qazanılan vaxt diplomatiyada həmişə qazanılmış imkan demək deyil. Bəzən uzadılan proses etimadı zəiflədir və tarixi fürsətləri təhlükə altına qoyur.

Azərbaycanın məqsədi Ermənistanla sonsuz danışıqlar aparmaq deyil, qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınmasına əsaslanan, hüquqi təminatları olan davamlı sülhə nail olmaqdır. Ermənistan rəhbərliyi də anlamalıdır ki, sülhün dəyəri onun nə qədər uzun müzakirə edilməsində deyil, nə qədər etibarlı və dönməz olmasındadır”.

Elmir Mustafa

0