Əhəng, sement, ammonyak tərkibli gübrələr və alaq otlarına qarşı istifadə olunan bəzi kimyəvi vasitələrin gözə düşməsi ağır kimyəvi yanıqlara səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, qələvi maddələr göz toxumalarına sürətlə nüfuz edərək ciddi zədələnmələr yarada və görmə qabiliyyətini təhlükə altına sala bilər.
HİT.az xəbər verir ki, bu barədə Rusiyanın “Qazeta.ru” nəşrinə “Zreniye” oftalmoloji mərkəzinin həkimi İlya Kustov danışıb.
Həkimin sözlərinə görə, turşular gözə düşdükdə zülalların laxtalanmasına səbəb olaraq zədələnmənin dərinliyini qismən məhdudlaşdıran maneə yarada bilər. Qələvilər isə hüceyrə membranlarındakı yağları parçalayaraq toxumaların dərin qatlarına nüfuz edir, qüzehli qişaya və hətta göz bülluruna zərər verə bilir.
Kustovun diqqət çəkdiyi əsas məqamlardan biri ağrının azalmasının təhlükənin aradan qalxması demək olmamasıdır. İnsan özünü daha yaxşı hiss etdiyini düşünərək tibbi yardımı gecikdirə bilər, halbuki kimyəvi maddə gözün buynuz qişasını zədələməyə davam edir.
Həkim belə hallarda ilk növbədə gözü fasiləsiz olaraq ən azı 15–20 dəqiqə təmiz su ilə yumağı tövsiyə edir. Bunun üçün kran, butulka və ya duş suyundan istifadə etmək olar. Yuma zamanı göz qapaqları ehtiyatla açıq saxlanmalı və suyun zədələnmiş nahiyəyə çatması təmin edilməlidir.
Mütəxəssis gözü ovuşdurmağın və qələvini sirkə ilə neytrallaşdırmağa çalışmağın yolverilməz olduğunu vurğulayıb. Belə kimyəvi reaksiya əlavə istilik yarada və zədələnməni ağırlaşdıra bilər. İlkin yuyulmadan sonra isə mümkün qədər tez oftalmoloji təcili yardım şöbəsinə müraciət edilməlidir.
Həkim qeyd edib ki, buynuz qişanın bulanıqlaşması və gözün qeyri-adi dərəcədə ağ görünməsi ağır yanığın əlaməti ola bilər. Belə vəziyyətlərdə vaxt itirmək görmə qabiliyyətinin qorunmasını çətinləşdirə bilər.
Samir

