“Azərbaycan-Ermənistan münasibətlərində son dövrdə əsas diqqət sülh prosesinin əldə olunmuş razılaşmaların icrası mərhələsinə keçməsinə yönəlib”.
Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, 2025-ci ilin avqustunda Vaşinqtonda formalaşmış sülh çərçivəsi regionda yeni mərhələnin əsasını qoyub:
“Ermənistanın parlament seçkilərindən, yeni hökumətin formalaşmasından və Hökumət Proqramının qəbulundan sonra isə sülh gündəliyinin daha da intensivləşəcəyi gözlənilirdi. Lakin son dövrdə konkret addımlardan daha çox müxtəlif siyasi bəyanatların və informasiya müzakirələrinin ön plana çıxması prosesin sürəti ilə bağlı suallar yaradır.
Əslində, sülh gündəliyinin əsas istiqamətləri kifayət qədər aydındır. Azərbaycan sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin normallaşdırılması üçün zəruri hesab etdiyi məsələləri dəfələrlə açıqlayıb. Bu baxımdan əsas məsələlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Yeni Konstitusiya layihəsinin hazırlanması, onun ictimaiyyətə təqdim edilməsi və referendumun keçirilməsi ilə bağlı prosesin konkret mərhələlərinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır”.
Millət vəkili qeyd edib ki, Azərbaycanın mövqeyinə görə, yeni Konstitusiyanın qəbul edilməsi sülh müqaviləsinin hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsi baxımından vacib şərtdir:
“Referendumun nə vaxt keçiriləcəyi Ermənistanın siyasi rəhbərliyindən asılıdır. Bu müddətin altı ay, bir il və ya daha uzun olması Ermənistanın öz qərarıdır. Azərbaycan isə son illərdə nümayiş etdirdiyi kimi, sülh prosesində səbirli və məsuliyyətli mövqe tutur. Lakin bu səbir razılaşdırılmış gündəliyin qeyri-müəyyən müddətə təxirə salınması kimi başa düşülməməlidir.
Digər mühüm istiqamət dövlət sərhədinin delimitasiyası və demarkasiyasıdır. Azərbaycan-Ermənistan sərhədinin hüquqi əsaslarla müəyyənləşdirilməsi iki ölkə arasında etimadın möhkəmləndirilməsi və uzunmüddətli sabitliyin təmin olunması üçün vacibdir. Bu prosesdə siyasi polemikalardan daha çox hökumətlərarası komissiyanın işi, razılaşdırılmış prosedurlar və qarşılıqlı razılaşmalar əsas götürülməlidir”.
Jalə Əliyeva diqqətə çatdırıb ki, eksklav və anklavlarla bağlı məsələ də məhz bu çərçivədə nəzərdən keçirilməlidir:
“Bu mövzu üzrə hökumətlərarası komissiya çərçivəsində razılaşdırılmamış məsələlərin əvvəlcədən siyasi gündəmə gətirilməsi prosesə əlavə gərginlik gətirə bilər. Ermənistan Baş nazirinin ərazi mübadiləsi ilə bağlı bəyanatı da belə bir təəssürat yaradır ki, əvvəlcədən razılaşdırılmış gündəlikdən kənar mövzular prosesə daxil edilir. Halbuki bu tip məsələlər yalnız qarşılıqlı razılaşma və hüquqi mexanizmlər əsasında müzakirə olunmalıdır.
TRİPP-in reallaşdırılması da regional kommunikasiyaların açılması baxımından mühüm istiqamətlərdən biridir. Nəqliyyat bağlantılarının yaradılması Azərbaycan və Ermənistanla yanaşı, bütövlükdə region üçün iqtisadi və geosiyasi imkanları genişləndirə bilər. Buna görə də bu istiqamətdə də konkret mexanizmlərin, icra qaydalarının və məsul tərəflərin müəyyənləşdirilməsi vacibdir”.
Onun sözlərinə görə, bu kontekstdə Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilədək imzalanacağı barədə açıqlaması diqqət çəkir:
“Sülh prosesinin məqsədi uzaq tarixlər müəyyənləşdirmək deyil, razılaşdırılmış şərtləri mümkün qədər tez yerinə yetirməkdir. Əgər tərəflər sülhün əsas prinsipləri barədə razılığa gəliblərsə, əsas sual müqavilənin hansı ildə imzalanacağı yox, ona aparan konkret addımların nə vaxt atılacağıdır.
Azərbaycanın mövqeyi isə prinsipial olaraq dəyişməyib. Azərbaycan sülhdən imtina etmir, əksinə, regionda davamlı sülhün və dövlətlərarası münasibətlərin normallaşmasının tərəfdarıdır. Faktiki sülhün formalaşması üçün əldə edilmiş nəticələrin qorunması və hüquqi baxımdan möhkəmləndirilməsi ölkənin əsas prioritetlərindəndir. Bununla belə, sülh yalnız bir tərəfin səyləri ilə təmin oluna bilməz”.
Həmsöhbətimiz vurğulayıb ki, Ermənistanın da üzərinə düşən öhdəlikləri yerinə yetirməsi, yeni şərtlər irəli sürmək və prosesi uzatmaq əvəzinə razılaşdırılmış gündəlik üzrə hərəkət etməsi vacibdir:
“Çünki sülh gündəliyinin dəyişdirilməsi ümidi ilə bölgədə yeni siyasi reallıqların yaranmasını gözləmək etimadı zəiflədə və prosesin uzanmasına səbəb ola bilər. Bu gün regionun ehtiyacı yeni qarşıdurma və siyasi polemikalar deyil, konkret qərarlar və onların icrasıdır. Azərbaycan öz mövqeyini dəfələrlə ortaya qoyub: sülh mümkündür və bunun üçün siyasi iradə mövcuddur. İndi əsas məsələ Ermənistanın da həmin iradəni konkret və ardıcıl addımlarla nümayiş etdirməsidir.
Davamlı sülh yalnız qarşılıqlı öhdəliklərə sadiqlik, ərazi bütövlüyünə hörmət, hüquqi təminatlar və razılaşdırılmış gündəliyin ardıcıl icrası əsasında qurula bilər. Azərbaycan bu prosesdə konstruktiv mövqeyini qoruyur və sülh müqaviləsinin imzalanmasına aparan yolun açıq qalmasında maraqlıdır. Ermənistanın qarşısında duran əsas vəzifə isə artıq razılaşdırılmış məsələlər üzrə real addımlar atmaq və sülh prosesini siyasi bəyanatlar deyil, konkret qərarlar mərhələsinə keçirməkdir”.
Elmir Mustafa



