“Tripanofobiya iynə vurulması qan analizi götürülməsi və digər iynə ilə əlaqəli tibbi prosedurlara qarşı həddindən artıq və idarəolunmaz qorxu ilə xarakterizə olunan spesifik fobiya növüdür”.
Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu qorxu bəzən çox güclü olur:
“Hətta insan tibbi müayinələrdən yayınır, sağlamlığı üçün vacib olan prosedurları təxirə salır hətta prosedur haqqında düşünərkən belə ürəkdöyünmə, tərləmə, titrəmə, başgicəllənmə və panik hissi yaşayır. Əslində, tripanofobiya müxtəlif səbəblərdən yarana bilər.
Uşaqlıq dövründə ağrılı tibbi müdaxilə yaşamaq, iynə vurularkən qorxudulmaq, ətrafdakı insanların iynə və qanla bağlı qorxularına şahid olmaq bu fobiyanın formalaşmasına təsir göstərə bilər. Bəzi hallarda insanın konkret mənfi təcrübəsi olmur, lakin ağrı gözləntisi, nəzarəti itirmək qorxusu və təhlükə ilə bağlı düşüncələri zamanla bu qorxunu gücləndirir. Beyin iynəni real təhlükə kimi qəbul etməyə başlayır və nəticədə insan tibbi prosedurla qarşılaşmadan əvvəl belə həyəcan reaksiyası yaşayır”.
Ekspert qeyd edib ki, psixoloji baxımdan burada əsas məqamlardan biri qorxunun özünü gücləndirən dövrə çevrilməsidir:
“İnsan iynədən qorxur, qorxduğu üçün prosedurdan qaçır, qaçdıqda isə müvəqqəti rahatlıq hiss edir. Beyin bu rahatlığı təhlükədən xilas olmaq kimi qəbul edir və növbəti dəfə qorxu daha da güclənə bilir. Beləliklə, insanın qaçınma davranışı fobiyanın davam etməsinə səbəb olur. Tripanofobiyanın aradan qaldırılmasında koqnitiv davranış terapiyası effektiv yanaşmalardan biridir.
Bu terapiya zamanı insanın qorxu yaradan düşüncələri müəyyən edilir həmin düşüncələrin nə dərəcədə real olduğu araşdırılır və daha sağlam düşüncə formaları inkişaf etdirilir. Məsələn, “Mən iynəyə dözə bilməyəcəyəm” düşüncəsi “Mən qorxu hiss edə bilərəm, amma bu hissi idarə etməyi öyrənə bilərəm” düşüncəsi ilə əvəzlənə bilər. Eyni zamanda, mütəxəssisin rəhbərliyi altında mərhələli məruzqalma üsulundan istifadə edilir”.
Psixoloq diqqətə çatdırıb ki, insan əvvəlcə iynə haqqında danışmaq daha sonra onun şəklinə baxmaq və növbəti mərhələlərdə tibbi prosedur mühitinə alışmaq kimi addımlarla qorxu yaradan vəziyyətlərə tədricən yaxınlaşır:
“Bu proses məcburiyyətlə deyil insanın hazırlığına və dözümlülüyünə uyğun aparılmalıdır. Əgər insanda iynə və ya qan gördükdə başgicəllənmə, huşunu itirmə hissi və ya bayılma baş verirsə, tətbiq olunan yanaşma fərqli ola bilər. Belə hallarda əzələlərin gərilməsi texnikası, yəni applied tension üsulu öyrədilə bilər.
Bu texnika qan təzyiqinin düşməsi ilə əlaqəli reaksiyaların qarşısını almağa kömək edə bilər və düzgün tətbiqi mütəxəssis tərəfindən öyrədilməlidir. Prosedur zamanı tibbi personalı qorxu barədə əvvəlcədən məlumatlandırmaq, uzanmış vəziyyətdə qan vermək və yavaş nəfəs almaq da faydalı ola bilər. Bayılmaya meyilli şəxslər nəfəsi məcburən dərinləşdirmək əvəzinə, rahat və təbii nəfəsə üstünlük verməlidirlər”.
Zəhra Zahidova vurğulayıb ki, tripanofobiya insanın zəifliyi və ya iradəsizliyi deyil:
“Bu, beynin təhlükə siqnalına həddindən artıq reaksiya verməsi ilə əlaqəli psixoloji problemdir. Əsas məqsəd qorxunu zorla yox etmək deyil, insanın qorxuya münasibətini dəyişmək və ona bu vəziyyətlə təhlükəsiz şəkildə baş etməyi öyrətməkdir.
Qorxu səbəbindən tibbi müayinələrdən yayınma baş verirsə və ya gündəlik həyata ciddi təsir yaranırsa, klinik psixoloqa müraciət etmək məqsədəuyğundur. Düzgün psixoloji dəstək və mərhələli iş sayəsində bu qorxunun intensivliyini azaltmaq və insanın tibbi prosedurlara daha rahat yanaşmasına kömək etmək mümkündür”.
Pərviz



