Zəhərli münasibətlər insan sağlamlığına ciddi zərər vura bilər

SOSİAL
21:35 / 06.11.2026
34

Zəhərli münasibətlər yalnız insanın psixoloji vəziyyətinə deyil, fiziki sağlamlığına da mənfi təsir göstərir. Tez-tez baş verən mübahisələr, emosional təzyiq, alçaldılma və davamlı gərginlik yuxu pozuntularına, baş ağrılarına və həzm sistemi ilə bağlı problemlərə səbəb ola bilər.

HİT.az xəbər verir ki, bu barədə nevroloq, sistemli sağlamlıq Akademiyasının təsisçisi Aleksey Mamatov “İzvestiya”ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, insan sağlamlığına təsir edən amillər arasında yalnız həyat tərzi deyil, həm də ətrafdakı emosional mühit mühüm yer tutur. Tərəfdaşla ünsiyyət zamanı mütəmadi olaraq mübahisə, qorxu və gərginlik yaşanması orqanizmi daim təhlükəyə hazır vəziyyətdə saxlayır.

Mütəxəssis qeyd edib ki, belə şəraitdə simpatik sinir sistemi aktivləşir. Nəticədə ürək döyüntüləri sürətlənir, arterial təzyiq yüksəlir və əzələlər gərginləşir. Qısa müddətdə bu, orqanizmin stressə qarşı təbii müdafiə reaksiyasıdır. Lakin gərginlik uzun müddət davam etdikdə bədənin sakitləşməsi və normal şəkildə bərpa olunması çətinləşir.

Mamatovun fikrincə, zəhərli münasibətlərin ilk fəsadlarından biri yuxu problemləridir. İnsan tərəfdaşı ilə yaşadığı mübahisələri davamlı düşünür, qarşıdakı söhbətlərdən narahat olur və qorxu səbəbindən rahatlaşa bilmir. Bu isə gecə istirahətinin keyfiyyətini aşağı salır.

Yuxusuzluq öz növbəsində diqqətin cəmlənməsinə, emosional sabitliyə və gündəlik problemlərin öhdəsindən gəlmək qabiliyyətinə mənfi təsir edir.

Həkim əlavə edib ki, uzunmüddətli emosional gərginlik baş ağrıları, əzələ spazmları, əsəbilik və tez yorulma ilə də müşayiət oluna bilər. Bəzi insanlarda qarın nahiyəsində narahatlıq, iştahanın dəyişməsi və həzm problemləri də yaranır. Davamlı stress mövcud xəstəliklərin əlamətlərini də ağırlaşdıra bilər.

Samir

0