Erkən nikah problemi hələ də davam edir

SOSİAL
12:12 / 18.08.2026
169

Yetkinlik yaşına çatmayan şəxslərin erkən nikaha və toy mərasimlərinə cəlb olunması cəmiyyətdə ciddi narahatlıq doğuran məsələlərdəndir. 

Belə halların qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən nəzarət və profilaktik tədbirlər həyata keçirilir.  Bu günlərdə Salyanda 16 yaşlı qızın toy mərasiminə polis müdaxilə edib. Belə ki, Salyanda yetkinlik yaşına çatmayan qızın toy mərasiminin təşkil olunacağı barədə polisə məlumat daxil olub. Aparılan tədbirlər nəticəsində keçirilməsi planlaşdırılan toyun baş tutmasına imkan verilməyib və mərasim təxirə salınıb. Qeyd edək ki, erkən nikahla bağlı uzun illərdir tədbirlər görülür, ancaq hələ də bəzi valideynlər qızlarını erkən yaşda ərə verməkdə maraqlıdır.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, yetkinlik yaşına çatmayan qızların erkən nikaha cəlb olunması məsələsinə yalnız hüquqi pozuntu kimi baxmaq problemin sosial tərəfini kölgədə qoyur:

407449

“Çünki toy mərasiminin qarşısının alınması nəticənin aradan qaldırılmasıdır, halbuki əsas sual həmin qızın niyə bu vəziyyətə gəlib çıxmasıdır. Bir ailə hansı düşüncə ilə övladının təhsilini, gələcək peşəsini və müstəqil həyatını yarımçıq qoyaraq erkən evliliyi çıxış yolu hesab edir?

Burada məsuliyyəti yalnız valideynin üzərinə qoymaq da məsələnin bütün mənzərəsini göstərmir. Yetkinlik yaşına çatmayan qızın qarşısına evlilik təklifi ilə çıxan yetkin şəxsin mövqeyi də ayrıca müzakirə edilməlidir. Çünki söhbət həyat təcrübəsi, qərarvermə imkanları və sosial güc baxımından bərabər olmayan iki tərəfdən gedir”.

Ekspertin sözlərinə görə, bəzi hallarda isə ailənin qərarına qarşı tərəfin maddi vəziyyəti təsir göstərir:

“Ailə bunu qız üçün “yaxşı gələcək” kimi qiymətləndirə bilər. Evi, işi və maddi imkanı olan şəxslə ailə qurmağın qızın həyatını təmin edəcəyinə inanılır. Bu düşüncə dəyişməlidir. Qızın gələcəyinin təminatı onun imkanlı ailəyə gəlin getməsi yox, öz təhsilinə, peşəsinə, gəlir əldə etmək imkanına və müstəqil qərar vermək qabiliyyətinə sahib olmasıdır”.

Sosioloq hesab edir ki, erkən nikahın səbəbini yalnız “maarifsizlik” adlandırmaq da kifayət deyil:

“Bəzən ailə təhsilsiz olmaya bilər, amma köhnə sosial təsəvvürlərdən uzaqlaşa bilməz. Son illərdə polis və digər aidiyyəti qurumların belə hallara müdaxilə etməsi mühüm addımdır. Lakin yalnız toyun keçiriləcəyi barədə məlumat daxil olduqdan sonra hərəkətə keçmək problemi tam həll etmir. Əsas mübarizə toy zalında deyil, toy qərarının ailənin daxilində formalaşdığı mərhələdə başlamalıdır.

Bunun üçün risk qrupunda olan ailələrlə əvvəlcədən işləmək, məktəbdən yayınan və təhsilini davam etdirməyən qızların vəziyyətini daha diqqətlə izləmək, sosial xidmətlərin ailələrə çıxışını genişləndirmək və valideynlərlə fərdi maarifləndirici iş aparmaq daha effektiv nəticə verə bilər”.

Fatimə Hacıbəyli əlavə edib ki, maarifləndirmə yalnız qızlara yönəlməməlidir:

“Erkən nikahın qarşısının alınmasında oğlanların və onların ailələrinin də maarifləndirilməsi vacibdir. Çünki qızın erkən nikaha cəlb olunması bir ailənin deyil, iki tərəfin iştirakı ilə formalaşan prosesdir. Ən vacib dəyişiklik isə düşüncə səviyyəsində baş verməlidir”.

Günel Cəlilova

0