Məktəb bufetləri şagirdlərin gün ərzində qidalandığı əsas məkanlardan biridir. Lakin burada satışa çıxarılan məhsulların keyfiyyəti, tərkibi və hansı şəraitdə saxlanılması hər zaman birmənalı qarşılanmır.
Müxtəlif vaxtlarda məktəb bufetləri ilə bağlı valideyn şikayətləri, qidaların keyfiyyəti və gigiyenik tələblərə əməl olunması məsələləri gündəmə gəlib. Hətta bəzi hallarda qida zəhərlənməsi hadisələri də qeydə alınıb. Bu isə məktəblilərin sağlamlığı və təhlükəsiz qidalanması ilə bağlı narahatlıqları artırır.
Bəs məktəb bufetlərində uşaqlara təqdim olunan qidalar nə dərəcədə təhlükəsizdir? Satılan məhsulların keyfiyyətinə və saxlanma şəraitinə nəzarət necə həyata keçirilir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında deyib ki, məktəb bufetlərində mövcud vəziyyət qənaətbəxş deyil:
“Hələ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin fəaliyyət göstərdiyi dövrdə məktəb bufetləri üçün müəyyən standartlar qəbul edilmiş, rəngli və qazlı içkilər, kolbasa, sosiska və digər bu kimi məhsulların satışına məhdudiyyətlər qoyulmuşdu. Daha sonra Qida Təhlükəsizliyi Agentliyi yaradıldıqdan sonra bu sahədə daha ciddi tələblər müəyyənləşdirildi və onların tətbiqi istiqamətində işlər görüldü.
Lakin məktəb bufetləri geniş şəbəkəni əhatə edir və xüsusilə regionlarda bu obyektlərin fəaliyyəti ilə bağlı ciddi problemlər qalmaqdadır. Bəzi hallarda məktəb direktorları ilə bufetləri işlədən fiziki və ya hüquqi şəxslərin münasibətləri ortaq biznes maraqları təəssüratı yaradır. Azad İstehlakçılar Birliyinə daxil olan telefon zəngləri və rayon nümayəndəliklərindən əldə edilən məlumatlar da bufetlərdə vəziyyətin heç də ürəkaçan olmadığını göstərir”.

Ekspertin sözlərinə görə, mövcud problemlərin əsas səbəblərindən biri nəzarət mexanizminin lazımi səviyyədə işləməməsidir:
“Bizə daxil olan məlumatlarda satışına icazə verilməyən məhsulların məktəb bufetlərində hələ də təklif olunduğu bildirilir. Bunun səbəblərindən biri Qida Təhlükəsizliyi Agentliyinin yoxlama imkanlarının məhdud olmasıdır. Mövcud yanaşmaya əsasən, sahibkarlıq subyektlərinin yoxlanılması ilə bağlı müəyyən məhdudiyyətlər var və bu da nəzarətin effektivliyinə təsir göstərir. Agentliyin məktəb bufetlərində yoxlama aparacağı barədə əvvəlcədən məlumat verilməsi isə vəziyyəti daha da mürəkkəbləşdirir.
Belə olduqda yoxlamanın mahiyyəti itir və proses formal xarakter daşıyır. Hətta bu yaxınlarda məktəblərdən birində çalışan şəxsdən aldığımız məlumata görə, yoxlamadan bir gün əvvəl bufetlərdə satışı qadağan olunan məhsullar kənara yığılır, qapalı yerlərdə saxlanılır və yoxlama başa çatdıqdan sonra yenidən satışa çıxarılır. Bu cür yanaşma real nəzarət deyil, sadəcə hesabat üçün həyata keçirilən formal tədbirdir”.
Həmsöhbətimiz hesab edir ki, məktəb bufetlərində əvvəlcədən xəbərdarlıq edilmədən qəfil yoxlamalar aparılmalıdır:
“Qida Təhlükəsizliyi Agentliyinə daxil olan şikayət və məlumatlar əsasında operativ şəkildə yerində yoxlamalar keçirmək üçün daha çevik imkanlar yaradılmalıdır. Əks halda, mövcud mexanizmlə problemlərin qarşısını almaq mümkün olmayacaq. Məktəb bufetlərində vəziyyətin yaxşılaşdırılması üçün həm dövlət qurumlarının, həm də valideynlərin nəzarətinin gücləndirilməsi vacibdir.
Böyük tənəffüsün müddəti qısa olduğundan şagirdlərin həmin vaxt ərzində isti yeməklə təmin edilməsi də praktik baxımdan çətindir. Bu səbəbdən məktəb bufetlərinin yerləşdiyi foyelərdə meyvə satışı üçün avtomatik aparatların quraşdırılmasını təklif edirik. Şagirdlər həmin aparatlardan kiçik məbləğ ödəməklə meyvə əldə edə və daha sağlam qidalanma imkanı qazana bilərlər”.
E. Hüseynov əlavə edib ki, valideyn komitələrinin də bu sahədə nəzarəti gücləndirilməlidir:
“Təəssüf ki, hazırda onların məktəb bufetlərinin fəaliyyətinə müdaxiləsi və nəzarəti yetərli səviyyədə deyil. Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinin nömrəsi məktəblərdə şagirdlərin və valideynlərin asanlıqla görə biləcəyi yerlərdə yerləşdirilməlidir. Beləliklə, hər hansı qayda pozuntusu ilə qarşılaşan şagird və ya valideyn dərhal aidiyyəti quruma məlumat verə bilər.
Bizə daxil olan məlumatlarda bufetlərdə qızardılmış yeməklərin və satışına icazə verilməyən içkilərin təklif olunduğu da bildirilir. Bütün bunlar göstərir ki, məktəb bufetlərində nəzarət sistemi köklü şəkildə yenilənməli, ictimai nəzarət bərpa olunmalı və qaydaların icrasına real nəzarət təmin edilməlidir”.
Sevinc

