Qanda şəkərin səviyyəsinə nəzarət edən insanlar üçün səhər qəbul edilən içkilərin seçimi də qidalanma qədər əhəmiyyətlidir. Mütəxəssislərin fikrincə, pomidor şirəsi portağal şirəsi ilə müqayisədə qlükozanın yüksəlməsi baxımından daha münasib seçim hesab olunur.
HİT.az-ın məlumatına görə, “Verywell Health” nəşri bu iki içkinin qan şəkərinə təsirini müqayisə edib.
Meyvə və tərəvəz şirələrinin tərkibində təbii şəkər var. Orqanizm karbohidratları həzm edərkən onları qlükozaya parçalayır və bu da qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, bütöv meyvə və tərəvəzlərdəki lif həzmi və karbohidratların sorulmasını ləngidir. Şirə hazırlanarkən lifin böyük hissəsi kənarlaşdırıldığı üçün karbohidratlar daha sürətlə mənimsənilir. Nəticədə qanda şəkər qısa müddətdə arta bilər. Bu təsir içkinin növündən, qəbul edilən miqdardan və onun başqa qidalarla birlikdə içilib-içilməməsindən də asılıdır.
Pomidor şirəsinin üstünlükləri
Pomidor şirəsi aşağı qlisemik indeksə malikdir. Bu o deməkdir ki, onun tərkibindəki karbohidratlar yüksək qlisemik indeksli məhsullarla müqayisədə qanda şəkərin daha yavaş yüksəlməsinə səbəb olur.
Bəzi tədqiqatlar yeməkdən əvvəl pomidor şirəsi içməyin qidadan sonra qlükoza səviyyəsinin artmasını azaltmağa kömək edə biləcəyini göstərir.
Bundan başqa, pomidor likopen adlı antioksidantla zəngindir. Bu maddə hüceyrələrin yüksək qan şəkəri ilə əlaqəli zədələnmələrdən qorunmasına kömək edə bilər. Mütəxəssislər pomidor şirəsi seçərkən duz miqdarı az olan və ya duzsuz məhsullara üstünlük verməyi məsləhət görürlər.
Portağal şirəsi qan şəkərinə necə təsir edir?
Portağal şirəsinin tərkibindəki təbii şəkər və karbohidratlar qlükoza səviyyəsini yüksəldə bilər. Xüsusilə ləti olmayan şirələrdə lifin miqdarı çox azdır. Buna görə də bütöv portağalla müqayisədə şirə daha tez həzm olunur.
Açqarına böyük stəkan portağal şirəsi içmək diabet və insulin müqaviməti olan insanlarda qanda şəkərin daha nəzərəçarpacaq dərəcədə artmasına səbəb ola bilər.
Nəşrin ABŞ Kənd Təsərrüfatı Departamentinin qida məlumatlarına əsaslanan müqayisəsinə görə, pomidor şirəsində portağal şirəsi ilə müqayisədə təxminən 58 faiz az karbohidrat və 69 faiz az şəkər var. Bu səbəbdən pomidor şirəsinin qanda qlükozanın kəskin yüksəlməsinə səbəb olma ehtimalı daha aşağıdır.
Beləliklə, qan şəkərinə nəzarət edənlər üçün iki içki arasında pomidor şirəsi daha uyğun seçim hesab olunur. Bununla belə, şirənin miqdarı və fərdi sağlamlıq vəziyyəti də nəzərə alınmalıdır. Bütöv meyvə və tərəvəzlər isə lif tərkibinə görə çox vaxt şirələrdən daha əlverişli seçimdir.
Samir


