Hər il noyabr ayında mağazalar və ticarət mərkəzləri böyük endirim kampaniyaları ilə alıcıların diqqətini cəlb edir.
“Qara cümə” adı ilə təqdim olunan bu kampaniyalarda məhsulların qiymətinə 30, 50, hətta 70 faizədək güzəştlər edildiyi elan olunur. Sərfəli alış-veriş etmək istəyən insanlar isə bu fürsətlərdən yararlanmaq üçün mağazalara üz tuturlar.
Lakin vitrinlərdə və reklam elanlarında göstərilən endirimlər hər zaman real qiymət azalması deməkdirmi? Bəzən əvvəlki qiymət süni şəkildə yüksəldilərək endirim görüntüsü yaradılırmı?
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, “Qara cümə” günlərində mağazalarda müşahidə olunan qiymət endirimləri ilk baxışdan alıcılar üçün sərfəli fürsət təsiri bağışlayır:
“Lakin bu kampaniyaların arxasında şirkətlərin satış siyasəti və kommersiya maraqları dayanır. Bu aksiyalar sahibkarların öz təşəbbüsləri ilə təşkil olunur. Şirkətlər endirim kampaniyaları vasitəsilə müştəri sayını artırmaq, bazarda rəqabət üstünlüyü əldə etmək və satışa çıxarılan məhsulların dövriyyəsini sürətləndirmək istəyirlər.
Belə kampaniyalar zamanı əvvəlki mövsümlərdən qalan malların satılması və anbar ehtiyatlarının azaldılması da əsas hədəflər sırasındadır. Bununla yanaşı, qısa müddətdə çoxsaylı satışların həyata keçirilməsi müəssisələrə gəlirlərini artırmaq imkanı verir”.

Ekspert qeyd edib ki, şirkətlər bu cür aksiyalara adətən əvvəlcədən hazırlaşır, marketinq xərclərini planlaşdırarkən endirim kampaniyalarını da nəzərə alırlar:
“Yəni “Qara cümə” istehlakçılar üçün də faydalı ola bilər. Bunun üçün alıcılar emosional qərarlardan uzaq durmalı, həqiqətən ehtiyac duyduqları məhsulları seçməlidirlər. Ucuz qiymət təklif edilməsi isə malın keyfiyyəti, təhlükəsizliyi və istifadə müddəti ilə bağlı tələbləri arxa plana keçirməməlidir.
Bununla belə, istehlakçıların saxta endirimlərə qarşı diqqətli olması vacibdir. Bəzi hallarda alıcılar böyük endirim faizi ilə qarşılaşsalar da, təklifin real üstünlüyünü qiymətləndirmədən alış-veriş edirlər. Sahibkarların reklam və satış fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Xüsusilə, qiymətlər və məhsullar barədə yanlış məlumat verilməsi, istehlakçının aldadıcı təkliflərlə alışa sövq edilməsi yolverilməzdir. Rəqabət Məcəlləsinin haqsız rəqabətlə bağlı müddəaları bu məsələdə mühüm əhəmiyyət daşıyır”.
Sevinc

