Uşağa sərbəstlik verək, ya nəzarət edək?

SOSİAL
16:00 / 20.11.2026
199

“Uşağın inkişafı üçün nə həddindən artıq nəzarət, nə də tam sərbəstlik vermək lazımdır”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, ən önəmli sağlam yanaşmalardan biridir:


“Çünki əsas məsələ bu ikisi arasında düzgün balansı yaratmaqdır. Valideyn uşağı daim nəzarətdə saxladıqda, onun hər addımını yoxladıqda, hər qərarına müdaxilə etdikdə uşaq zamanla öz qərarlarına güvənməkdə çətinlik çəkə bilər. Belə uşaqlarda səhv etmək, “bacarmaram” qorxusu, qərarsızlıqlar, özünəinamsızlıqlar və valideynə həddindən artıq asılılıq yaranma ehtimalı var. Yəni özbaşına addım atmaqda, hər hansı bir məsələdə qərar verməkdə çətinlik çəkə bilərlər”.

Ekspert bildirib ki, digər tərəfdən isə uşağa heç bir sərhəd qoymamaq da düzgün deyil: 
“Çünki uşaq hələ hər vəziyyətdə nəyin doğru, nəyin yanlış olduğunu müstəqil müəyyənləşdirə bilmədiyi bir vaxtda onu tam sərbəst buraxmaq doğru olmaz. Ona istiqamət, qayda və təhlükəsizlik hissi mütləq dərəcədə lazımdır. Burada valideynin əsas vəzifəsi uşağın əvəzinə hər şeyi etmək deyil, ona düzgün qərar verməyi öyrətməkdir. 

Yəni uşağın geyimini, dostlarını, maraqlarını, ehtiyaclarını, gündəlik seçimlərini yaşına uyğun şəkildə müəyyən qədər özünün seçməsinə də imkan vermək lazımdır. Ancaq mütləq şəkildə bir valideyn olaraq övladla danışmalı, bu qərarı verdiyi zaman hansı faydanın, hansı zərərlərin olacağını və bir növ övladımıza etdiyimiz hər bir şeydə ona aydınlıq gətirməyə çalışmalıyıq”.

Psixoloq əlavə edib ki, valideynlik yanaşması tarazlığı mütləq dərəcədə qorumağa çalışmaqdır:
“Valideyn həm sevgi, həm emosional dəstək göstərir, həm aydın, həm də ardıcıl qayda müəyyən edir. Valideynlərə bir məqamı xüsusilə tövsiyə edərdim ki, uşağınızın hər səhvini onun əvəzinə düzəltməyə çalışmamalıyıq. Bəzən uşağın kiçik səhvlər etməsinə, nəticələri görməsinə, həmin səhvlərdən sonra özünü necə hiss etdiyinə və bir növ bu təcrübədən öyrənməsinə imkan vermək lazımdır. 

Sözsüz ki, bu, təhlükəsizliyə zərər verməyən vəziyyətlərdə olmalıdır. Həmin təcrübə ona zərər verməməlidir və sadəcə orada keçirdiyi hisslərin, duyğuların necə olduğunu bilməlidir. Çünki uşağın müstəqilliyi onun bütün qərarları düzgün verməsi ilə deyil, qərar verməyi öyrənməsi ilə formalaşır. Yəni orada qərar verdiyi zaman necə olur, özünü necə hiss edir və həmin duyğuları anlayır”.

Nabat Mirzəyeva vurğulayıb ki, uşağı daim nəzarətdə saxlasaq, onun yerinə qərar vermiş olacağıq:
“Tam sərbəst də buraxsaq, onu istiqamətsiz qoyacağıq. Əsl valideyn isə uşağa həm “qanad” vermək, həm də sağlam sərhədləri göstərməkdir. Yəni yekun olaraq söyləmək istərdim ki, uşaqlar valideynlərindən qorxduqları üçün deyil, onlara güvəndikləri üçün doğru davranışları seçməyi öyrənməlidirlər. Məqsəd valideyn yanında olmayanda da uşağın məsuliyyətli qərarlar verə bilməsidir”.

Pərviz

0