“Volkswagen”dən yeni elektrikli “GTI” sürprizi: Təqdimat tarixi AÇIQLANDI

AVTO
17:00 / 19.11.2026
38

Almaniyanın nəhəng avtomobil istehsalçısı “Volkswagen” tamamilə elektrikli yeni “GTI” konsept modelini təqdim etməyə hazırlaşır.

Hit.az xəbər verir ki, şirkət sabah (20 noyabr) keçiriləcək rəsmi təqdimat tədbirinin anonsunu yayımlayıb.

Markanın rəsmi sosial media hesablarında örtük altında paylaşılan tizer fotosunda avtomobilin aqressiv aerodinamik detalları - iri arxa antiqanad, ön splitter, kapot üzərindəki hava kanalları və genişləndirilmiş təkər tağları diqqət çəkir.

“Volkswagen” rəhbərliyi hələlik yeni modelin texniki parametrlərini gizli saxlayır. Lakin avtomobil mətbuatının məlumatlarına görə, bu yenilik bazara yeni çıxarılan elektrikli “ID. Polo GTI” modelinin daha güclü və trek yönümlü “Clubsport” versiyasına işarə edir.

“Volkswagen”in sürüş dinamikası üzrə rəhbəri Florian Umbax ilin əvvəlində verdiyi açıqlamada “ID. Polo GTI Clubsport” layihəsi üzərində çalışdıqlarını təsdiqləmişdi. Onun sözlərinə görə, yeni versiya standart modeldəki 223 at gücünə (226 PS) qarşılıq 300 at gücünə yaxın güc hasil edəcək və yeni məhdud sürüşməli differensialla (LSD) təchiz olunacaq.

Brendin ənənəsinə sadiq qalaraq təqdim olunacaq bu şou-konsept “Volkswagen”in gənc təcrübəçiləri, dizaynerləri və mühəndisləri tərəfindən “GTI” nişanının 50 illik yubileyi münasibətilə hazırlanıb.

Üstəlik, yeni elektrikli “GTI” modellərində sürücülük həzzini artırmaq üçün rəqəmsal transmissiya simulyasiyası tətbiq olunacaq. Florian Umbax “Hyundai”nin idman yönümlü “N” modellərində (“Ioniq 5 N”) olduğu kimi, sükan çarxının arxasında yerləşən ləçəklər (paddle-shift) vasitəsilə güc ötürülməsi sistemi üzərində işlədiklərini bildirib. Bu texnologiya elektromobildə 8 pilləli iki muftalı transmissiyanın pillə keçidlərini və mühərrik reaksiyasını real şəkildə təqlid edəcək.

Qeyd edək ki, bu il əfsanəvi “GTI” brendinin 50 illiyini qeyd edən “Volkswagen” yubiley ilini elektrikli idman hetçbekləri ilə “yeni bir dövr” kimi dəyərləndirir.

Pərviz

0