Mənzil almaq istəyənlərin qarşısında dayanan əsas suallardan biri də hazır təmirli evə üstünlük vermək, yoxsa təmirsiz mənzil alaraq sonradan öz zövqünə uyğun təmir etdirməkdir.
İlk baxışdan təmirli mənzil daha rahat seçim kimi görünsə də, onun qiyməti hər zaman alıcı üçün daha sərfəli olmaya bilər. Digər tərəfdən, təmirsiz ev almaq ilkin xərci azaltsa da, sonradan təmirə ayrılacaq vəsait ümumi büdcəni əhəmiyyətli dərəcədə artıra bilər.
Bəs mənzil alarkən hansı seçim daha ağıllı maliyyə qərarıdır? Hazır təmirli ev almaq, yoxsa təmirsiz mənzil seçib onu öz imkanlarına uyğun təmir etdirmək daha çox qənaət yaradır?
Əmlak eksperti Elnur Fərzəliyev Hit.az-a açıqlamasında deyib ki, mənzil seçimi zamanı alıcıların diqqət yetirməli olduğu əsas məqamlardan biri təmirin real dəyəri və keyfiyyətidir:
“Hazır təmirli mənzil alan şəxs əlavə işlərlə məşğul olmadan evə köçə bilsə də, bu rahatlığın maliyyə baxımından müəyyən qarşılığı var. Belə mənzillərin satış qiyməti, adətən, təmirsiz evlərlə müqayisədə daha yüksək olur.
Xüsusilə yeni tikililərdə mənzillərin əksəriyyəti alıcılara təmirsiz təqdim edilir. Hazır təmirli mənzil təklif edən şirkətlərin sayı isə nisbətən azdır. Bu cür evlərdə alıcı artıq seçilmiş materiallar və görülmüş işlərlə razılaşmalı olur. Nəticədə təmir prosesində şəxsi istəyini və zövqünü nəzərə almaq imkanı məhdudlaşır”.

Ekspert hesab edir ki, hazır təmirli mənzil əldə edənlər yalnız evin görünüşünə əsaslanaraq qərar verməməlidirlər:
“Divar örtükləri, döşəmə, elektrik və santexnika sistemləri, eləcə də istifadə olunan materialların keyfiyyəti mütəxəssis tərəfindən yoxlanılmalıdır. Təmirsiz mənzil seçiminə gəldikdə onu deyim ki, ev sahibi təmirin bütün mərhələlərini özü planlaşdıra, materialları büdcəsinə uyğun seçə və işin keyfiyyətinə birbaşa nəzarət edə bilər.
Bu seçim bəzi hallarda alıcının ümumi xərclərini 20-25 faiz azaltmasına imkan yaradır. Bununla belə, yekun nəticə təmirin necə təşkil olunmasından və seçilən materiallardan asılıdır. Bir kvadratmetr mənzilin təmirinə çəkilən xərc işin səviyyəsinə və istifadə ediləcək materiallara görə dəyişir”
Elnur Fərzəliyev onu da qeyd edib ki, tikinti şirkətləri üçün mənzillərin təmirsiz satışa çıxarılması daha əlverişli ola bilər. Çünki hər bir alıcının interyerlə bağlı fərqli zövqü var və şirkətin hazırladığı təmir hər kəsin istəyinə uyğun gəlməyə bilər.
Sevinc

