Son dövrlər ailədaxili zorakılıq halları cəmiyyətdə daha ciddi narahatlıq doğurur.
Bu tendensiya statistik göstəricilərdə də öz əksini tapır. Qardaşın bacısına, oğulun anasına, kişinin həyat yoldaşına qarşı törətdiyi ağır cinayətlər ailə münasibətlərindəki zorakılığın hansı təhlükəli həddə çata bildiyini göstərir. Bir zamanlar ailə daxilində baş verən mübahisə və münaqişə kimi qəbul edilən hallar artıq bəzən insan həyatına son qoyan faciələrə çevrilir.
Bu cür hadisələrin arxasında yalnız ani əsəb və ya mübahisə dayanmır. Problemin kökündə zorakılığın normallaşdırılması, qarşı tərəf üzərində hökmranlıq etmək istəyi, aqressiv davranış, psixoloji təzyiq və mövcud problemlərin vaxtında həll edilməməsi kimi amillər dayanır. Bəzi ailələrdə təhdid, alçaltma, qısqanclıq və fiziki zorakılıq uzun müddət davam etsə də, ətrafdakılar bunu ailədaxili məsələ hesab edərək müdaxilədən çəkinirlər. Halbuki bu cür davranışlar çox vaxt daha ağır hadisələrin ilkin xəbərdarlıq əlamətləri olur.
Ailədaxili zorakılığın qarşısının alınması üçün hadisə baş verdikdən sonra cəza tədbirlərinin görülməsi kifayət deyil. Əsas məsələ təhlükə yaranan ilk mərhələdə müdaxilə etmək, zorakılığa məruz qalan şəxslərin müdafiəsini təmin etmək və cəmiyyətdə bu davranışlara qarşı dözümsüz münasibət formalaşdırmaqdır. Çünki ailə münasibətləri heç kimə başqa bir insanın həyatı, azadlığı və təhlükəsizliyi üzərində hökmranlıq hüququ vermir.
Ailədaxili zorakılıq və qətl hadisələri müzakirə olunarkən tez-tez qısqanclıq, xəyanət şübhəsi, sosial şəbəkələrdəki paylaşımlar və maddi mübahisələr ön plana çəkilir. Bəzən kişi həyat yoldaşının sosial şəbəkələrdə aktiv olmasını, başqa insanlarla ünsiyyətini və ya şəxsi həyatına dair seçimlərini qəbul etmir. Eyni zamanda, ailə üzvləri arasında maddi asılılıq, gəlir fərqi və qərarvermə ilə bağlı mübahisələr də gərginliyi artıra bilər. Lakin bu amillərin heç biri zorakılığın və qətlin əsaslandırılması üçün səbəb sayıla bilməz.
Əslində, burada diqqət yetirilməli əsas məsələ qısqanclığın özündən daha çox onun hansı davranışlarla müşayiət olunmasıdır. Qarşı tərəfin telefonunu yoxlamaq, sosial əlaqələrini məhdudlaşdırmaq, geyiminə və davranışına müdaxilə etmək, davamlı nəzarət altında saxlamaq və təhdid etmək sağlam münasibətin deyil, nəzarət və hökmranlıq istəyinin əlamətləridir. Belə davranışlar zamanla psixoloji və fiziki zorakılığa çevrilə bilər. Qısqanclıq isə bu davranışları ört-basdır etmək üçün bəhanəyə çevrilməməlidir.
Sevinc

