Bel çevrəsinin ölçüsü ömür uzunluğuna təsir edə bilər - Alimlər optimal göstəriciləri açıqladı

SAĞLAMLIQ
16:12 / 23.11.2026
48

İnsanın bel çevrəsinin ölçüsü vaxtından əvvəl ölüm riski barədə mühüm məlumat verə bilər. Yeni araşdırmaya görə, təhlükə yalnız qarın nahiyəsində artıq piylənmə ilə deyil, bel çevrəsinin normadan çox kiçik olması ilə də əlaqəlidir.

HİT.az xəbər verir ki, Cənubi Koreyanın Milli Səhiyyə Sisteminə daxil olan 17 milyondan çox insanın məlumatları əsasında aparılan tədqiqatın nəticələri “Journal of Epidemiology and Community Health” jurnalında dərc olunub.

Araşdırma çərçivəsində iştirakçılar 2009-2010-cu illərdən başlayaraq hər iki ildən bir tibbi müayinədən keçirilib. Onların bel çevrəsi və bədən kütləsi indeksi (BKİ) ölçülüb, sonrakı illərdə isə ölüm göstəriciləri izlənilib. Müşahidələr təxminən 14 il davam edib.

Nəticələrə əsasən, ölüm riskinin ən aşağı olduğu bel çevrəsi göstəricisi kişilər üçün 80-94 santimetr, qadınlar üçün isə 75-89 santimetr müəyyən edilib. Bədən kütləsi indeksində də kişilər üçün 24-28, qadınlar üçün 23-27 aralığı daha aşağı risklə əlaqələndirilib.

Alimlər müəyyən ediblər ki, həm həddindən artıq böyük, həm də çox kiçik bel çevrəsi müxtəlif yaş və çəki qruplarında ölüm riskinin artması ilə əlaqəlidir. Bu əlaqə xüsusilə 75 yaşdan yuxarı qadınlarda daha aydın müşahidə olunub.

Araşdırmaya görə, bel çevrəsi yaşına, cinsinə və bədən kütləsi indeksinə uyğun orta göstəricidən yüksək olan insanlarda bu ölçünün hər 5 santimetr artması kişilərdə ölüm riskinin 16 faiz, qadınlarda isə 14 faiz yüksəlməsi ilə əlaqələndirilib.

Tədqiqatçılar arıqlamağın təsirini də qiymətləndiriblər. Nəticələr göstərib ki, artıq çəkisi az olan və bel çevrəsi genişlənmiş şəxslərdə bədən çəkisinin 7-8 faiz azaldılması ölüm riskinin aşağı düşməsi ilə əlaqəli ola bilər. Bel çevrəsinin 5 santimetr kiçilməsi isə bəzi hallarda daha əlverişli nəticə ilə əlaqələndirilib.

Müəlliflər vurğulayıblar ki, araşdırma müşahidə xarakteri daşıyır və bel çevrəsi ilə ölüm riski arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Bununla belə, əldə olunan nəticələr bel çevrəsinin piylənmə ilə bağlı sağlamlıq risklərinin qiymətləndirilməsində mühüm göstərici olduğunu ortaya qoyur.

Samir
 

0