Dost məclislərində susqun qalan insanların bir ortaq xüsusiyyəti var – Psixoloqların izahı

MARAQLI
17:29 / 23.11.2026
35

Kollektiv söhbətlər zamanı kənarda qalaraq danışmamağı seçən insanlar heç də həmişə utancaq, ünsiyyətdən qaçan və ya mövzu barədə məlumatsız olmurlar. Psixoloqların fikrincə, belə davranış bəzən beynin stressdən qorunmaq və emosiyaları tənzimləmək üsulu ola bilər.

HİT.az-ın məlumatına görə, bu barədə “Itatiaia” nəşri yazıb.

Mütəxəssislər qeyd edirlər ki, bir qrup insanın müzakirəsinə qoşulmayan şəxslər ətrafdakılarda bəzən yanlış təəssürat yaradır. Onları soyuq, utancaq və ya fikirlərini ifadə etməkdən çəkinən biri kimi qiymətləndirirlər. Halbuki susmağın arxasında fərqli psixoloji səbəblər dayana bilər.

Psixoloji izahlara əsasən, gərgin və ya həssas mövzular müzakirə olunarkən beyin mümkün qarşıdurmadan yayınmaq üçün susmağa üstünlük verə bilər. Xüsusilə siyasət kimi fikir ayrılıqlarının yarana biləcəyi məsələlərdə bu davranış emosional uzaqlaşma mexanizmi kimi qiymətləndirilir.

Digər tərəfdən, susmaq insanın öz emosiyalarını idarə etməsinə də kömək edə bilər. Belə vəziyyətdə insan dərhal reaksiya vermək əvəzinə fikirlərini toplamaq və deyilənləri dəyərləndirmək üçün fasilə götürür.

Mütəxəssislərin diqqət çəkdiyi başqa bir məqam isə enerjiyə qənaətlə bağlıdır. Bəzi insanlar bütün söhbətlərdə fəal iştirak etmək əvəzinə, diqqət və enerjilərini daha vacib hesab etdikləri məsələlərə yönəltməyə çalışırlar.

Susqun insan söhbət zamanı nə edir?

Psixoloqların fikrincə, qrup müzakirələrində danışmayan şəxs əslində başqalarının dediklərini diqqətlə dinləyir, məlumatları təhlil edir və ətrafındakı insanların davranışlarını müşahidə edir. Buna görə də susmaq düşüncə fəaliyyətinin zəif olması anlamına gəlmir.

Maraqlı məqamlardan biri də budur ki, belə insanlar təkbətək ünsiyyətdə daha fəal ola bilirlər. Yəni qrup daxilində səssiz qalan şəxs fərdi söhbət zamanı təşəbbüsü ələ alaraq dialoqa rəhbərlik edə bilər.

Beləliklə, mütəxəssislər hesab edirlər ki, insanın kollektiv söhbətlərdə susmasına əsaslanaraq onun xarakteri və ünsiyyət bacarıqları barədə qəti nəticə çıxarmaq düzgün deyil.

Samir

0