Cənubi Koreyanın avtomobil istehsalçısı “Kia” tam elektrikli model sırasının ən münasib qiymətli və kompakt üzvünü hazırlayır.
Hit.az xəbər verir ki, “EV1” adını alacağı gözlənilən yeni model uzunluğu 4 metrdən qısa olan şəhər avtomobili (A/B seqmenti) kimi təqdim olunacaq.
“Kia”nın qlobal əməliyyatlar üzrə rəhbəri Ted Li yeni kompakt elektromobilin dövlət subsidiyaları və vergi güzəştləri nəzərə alınmadan 20-22 min avro aralığında başlanğıc qiymətinə malik olacağını rəsmən açıqlayıb. Ted Li qiymətin əlçatan olmasına baxmayaraq, avtomobilin keyfiyyət, sürüş dinamikası və dizayn baxımından heç bir güzəştə getməyəcəyini də xüsusi vurğulayıb.
Üstəlik, yeni kompakt elektromobil üçün hədəflənən 20-22 min avroluq qiymət etiketi təşviq proqramlarından əvvəlki baza məbləği əks etdirir. Böyük Britaniya kimi bazarlarda mümkün ekoloji subsidiyalar tətbiq ediləcəyi təqdirdə avtomobilin alış dəyərinin daha da aşağı düşəcəyi gözlənilir.
Həmçinin, brendin elektrikli model iyerarxiyasında “EV2” modelinin altında mövqelənəcək “EV1” həm də məşhur benzinli “Picanto” modelinin tam elektrikli varisi hesab olunur. Bundan əlavə, “Kia” yeni elektrikli hetçbekin mühəndislik və inkişaf mərhələsini 2027-ci ilin sonunadək tamamlamağı planlaşdırır. Layihə üzərində təxminən iki ildir ki, intensiv işlər aparılır. Modelin konsept versiyasının 2027-ci ildə nümayiş etdirilməsi, seriyalı istehsal variantının isə gələn ilin sonuna qədər rəsmi təqdimatının keçirilməsi gözlənilir.
Qeyd edək ki, “Kia” və “Hyundai” kompakt elektromobillər üçün vahid modul platforma üzərində birgə çalışırlar. “Hyundai”nin bu arxitektura üzərində qurulan əkiz modelinin “Ioniq 1” adlandırılacağı, brend daxilində “i10” və böyük ehtimalla “Inster” modellərini əvəzləyəcəyi bildirilir. Əsasən Avropa bazarına hədəflənən “EV1”in “EV2” ilə birlikdə şirkətin Slovakiyadakı zavodunda istehsal olunacağı ehtimal edilir.
Onu da bildirək ki, künclü və klassik krossover cizgilərinə malik “EV2” ilə müqayisədə “EV1” daha dinamik və idman üslublu eksteryerə sahib olacaq. Avtomobilin dizaynında “Picanto” modelindən istifadə olunmayıb, əvəzində şaquli LED ön fənərlər, qara plastik bamper və yan ətək qorumaları kimi müasir detallar tətbiq edilib.
Gözləntilərə əsasən, modelin yüksək performanslı “GT” versiyası da satışa çıxarılacaq. Bu versiyanın təxminən 147 at gücü hasil edəcəyi deyilir.
Pərviz



