Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə diqqətçəkən bir təkliflə çıxış edib.
O, müxalifətə referendum keçirməyi təklif edib. Lakin bunun qəbul olunması üçün şərt də qoyub. Paşinyan deyib ki, əgər xalq Konstitusiyanı rədd etsə, istefa verəcək. Hətta əlavə edib ki, xalq Konstitusiyaya “hə” desə, növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacaq.
Maraqlıdır, Nikol Paşinyanın bu bəyanatını necə dəyərləndirmək lazımdır?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib ki, Nikol Paşinyanın bu bəyanatı Ermənistanın daxili siyasi prosesləri, konstitusiya islahatları ətrafında yaranmış fikir ayrılıqları və Azərbaycanla normallaşma prosesi kontekstində qiymətləndirilməlidir:
“Ermənistanın Baş naziri referendum təşəbbüsü ilə çıxış etməklə bir tərəfdən müxalifəti siyasi məsuliyyət qarşısında qoymağa, digər tərəfdən isə konstitusiya dəyişikliklərinə ictimai dəstək qazanmağa çalışır.
Məsələnin mühüm tərəflərindən biri də Ermənistanın mövcud Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların yer almasıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılması davamlı və etibarlı sülhün təmin olunması baxımından mühüm şərtdir”.
Ekspertin sözlərinə görə, Paşinyanın Konstitusiya dəyişdirildikdən sonra Baş nazir vəzifəsinə namizəd olmayacağı barədə vədi ilk növbədə, ictimai dəstəyin qazanılmasına hesablanmış siyasi gediş kimi qiymətləndirilə bilər:
“Bununla yanaşı, Paşinyanın gələcək siyasi planları ilə bağlı müxtəlif ehtimallar mövcud olsa da, hazırkı mərhələdə əsas məqsədin Konstitusiya dəyişikliklərinə ictimai dəstək qazandırmaq və islahatlar ətrafında mümkün qədər geniş dəstək formalaşdırmaq olduğu qənaətinə gəlmək mümkündür”.
Elmir Mustafa



