Amazon meşələrindən götürülən qədim çöküntülər bəşəriyyətə ciddi xəbərdarlıq edir

DÜNYA
18:15 / 23.11.2026
39

Amazon tropik meşələri iqlim dəyişikliyi, quraqlıq və güclü El-Ninyo hadisəsinin təsiri ilə genişmiqyaslı yanğın təhlükəsi ilə üz-üzədir. Alimlər xəbərdarlıq edirlər ki, meşələrin məhv olması təkcə region üçün deyil, bütün dünya üçün ağır nəticələrə səbəb ola bilər.

HİT.az-ın məlumatına görə, bu barədə “Popular Mechanics” nəşri yazıb.

Amazon hövzəsindəki su hövzələrindən götürülmüş qədim dib çöküntülərinin araşdırılması maraqlı nəticə ortaya çıxarıb. Məlum olub ki, sonuncu buz dövründə bölgədə təbii yanğınlar demək olar ki, baş verməyib. Meşələrdə yanğınların müntəzəm xarakter alması isə insanların əraziyə gəlişindən və torpaqları təmizləmək üçün oddan istifadə etməsindən sonra başlayıb.

Problemin miqyası xüsusilə 1980-ci illərin sonlarında diqqət çəkib. Belə ki, 1987-ci ilin yay və payız aylarında peyklər Amazoniyada təxminən 170 min yanğın qeydə alıb. Meşələrin qırılması nəticəsində ərazilərin parçalanması, havanın istiləşməsi və rütubətin azalması yanğın riskini daha da artırıb.

Təhlükəni gücləndirən amillərdən biri də Sakit okeanın ekvatorial hissəsində suyun temperaturunun yüksəlməsi ilə bağlı olan El-Ninyo iqlim hadisəsidir. Bu proses atmosfer dövranını dəyişdirərək Amazon üzərində yağış buludlarının yaranmasına mane olur və bölgədə quraqlığa səbəb olur.

Oxşar vəziyyət 1997-1998, 2015-2016 və 2023-2024-cü illərdə də müşahidə edilib. Sonuncu quraqlıq zamanı Manaus şəhəri yaxınlığındakı Rio-Neqru çayında suyun səviyyəsi 1902-ci ildən bəri qeydə alınan ən aşağı həddə düşüb.

Braziliyanın meteorologiya xidmətinin məlumatına görə, bu il El-Ninyo yağış mövsümünün başlanmasını gecikdirə və meşələri yanğınlar qarşısında daha müdafiəsiz vəziyyətə sala bilər. Üstəlik, Amazon meşələri əvvəlki iqlim hadisələrinin fəsadlarını hələ tam aradan qaldırmayıb.

Oksford Universitetinin tədqiqatçısı Erika Berencer vəziyyəti artıq xəstə olan insanın əlavə infeksiyaya yoluxması ilə müqayisə edib.

Alimlər hesab edirlər ki, genişmiqyaslı yanğınlar geri dönüşü olmayan prosesə səbəb ola bilər. Bu halda Amazon meşələri öz rütubət dövranını qorumaq qabiliyyətini itirə, böyük ərazilər isə savannalara çevrilə bilər.

Bu təhlükə qlobal əhəmiyyət daşıyır. Çünki Amazon meşələri planetin quruda yerləşən ən böyük karbon udma sistemlərindən biridir. Onların məhv olması atmosferdə karbonun artmasına və iqlim böhranının daha da dərinləşməsinə gətirib çıxara bilər.

Samir
 

0