Çoxmənzilli binalarda sakinlərin PROBLEMLƏRİ

SOSİAL
11:45 / 20.11.2026
35

Çoxmənzilli yaşayış binalarında mənzil sahibi olmaq heç də bütün problemlərin həlli demək deyil.

Bəzən sakinlər evlərinin qapısından kənarda başlayan, lakin gündəlik həyatlarına birbaşa təsir edən çoxsaylı çətinliklərlə üzləşirlər. Binanın saxlanılması adı ilə mütəmadi pul toplanır, amma liftlərin işləməməsi, təmizlik, su sızmaları, dam örtüyünün təmiri və digər kommunal problemlər uzun müddət həllini tapmır.

Üstəlik, sakinlərdən tələb olunan ödənişlərin necə hesablandığı və hansı məqsədlə xərcləndiyi barədə aydın məlumat əldə etmək də hər zaman mümkün olmur. Nəticədə insanlar həm əlavə xərclərlə üzləşir, həm də ödədikləri vəsaitin qarşılığında normal xidmət ala bilmirlər.

Bəs çoxmənzilli binaların idarə olunmasında yaranan bu problemlərə kim nəzarət etməlidir və sakinlərin hüquqları necə qorunmalıdır?

Əmlak eksperti Elnur Azadov Hit.az-a açıqlamasında bildirib ki, ölkədə bu binalarda yaşayan bir milyondan artıq sakinin hüquqları bir sıra hallarda lazımi səviyyədə təmin edilmir:

416459

“Mənzil sahiblərindən təmizlik, mühafizə, liftlərin saxlanılması və təmir işləri üçün pul toplansa da, vəsaitlərin hara yönəldildiyi barədə mütəmadi hesabat verilmir. Binaların idarə olunmasında qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı ciddi boşluqlar var. Təxminən 2700-2800 binanın yalnız 10 faizində müştərək cəmiyyət yaradılıb. Mövcud idarəetmə strukturlarında da maliyyə şəffaflığı və hesabatlılıq problemləri qalır. Bəzi hallarda idarəçilər sakinlərin etimadından istifadə edərək səlahiyyətlərini şəxsi maraqlarına uyğun tətbiq edirlər.

Problemlər yalnız pul yığılması ilə məhdudlaşmır. Ayrı-ayrı yaşayış komplekslərində internet provayderlərinin fəaliyyətinə maneələr yaradılması, qaraj yerlərinin bölüşdürülməsində qeyri-rəsmi ödənişlərin tələb edilməsi, eyvanların bağlanmasına görə əlavə vəsait istənilməsi kimi hallar da müşahidə olunur. Həyətin abadlaşdırılması, liftlərin yenilənməsi və əsaslı təmir adı ilə toplanan pulların xərclənməsi isə çox vaxt sakinlərə aydın şəkildə izah edilmir”.

Ekspert hesab edir ki, bu sahədə vəziyyətin dəyişməsi üçün dövlət nəzarəti və maliyyə yoxlamaları gücləndirilməli, qanun pozuntularına yol verən şəxslər məsuliyyətə cəlb olunmalıdır:

“Eyni zamanda, sakinlər öz hüquqlarını, idarəçiləri dəyişdirmək imkanlarını və qərarların qəbulunda iştirak qaydalarını bilməlidirlər. Qanunvericiliyin mövcudluğuna baxmayaraq, maarifləndirmənin zəif olması və bəzi yerli qurumlarla idarəçilər arasında mümkün maraq əlaqələri problemlərin aradan qaldırılmasını çətinləşdirir”.

Sevinc

0