Ağdam Şəhəri Günü təkcə bir şəhərin tarixini yad etmək üçün deyil, həm də xalqın torpağa bağlılığını, milli iradəsini və qayıdış əzmini ifadə edən əlamətdar gündür.
Bu tarix Ağdamın keçmişini, ağır sınaqlardan keçən sakinlərinin doğma yurda qovuşmaq arzusunu və şəhərin yenidən qurulması ilə başlayan yeni mərhələni özündə birləşdirir.
20 noyabr tarixi Ağdamın Azərbaycana qaytarıldığı günü ifadə edir. 2020-ci ildə baş verən bu tarixi hadisə Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Ağdam Şəhəri Günü kimi rəsmiləşdirilib. Bu günün özəlliyi ondadır ki, o, həm doğma torpaqlarından ayrı düşmüş insanların illərlə yaşatdığı qayıdış ümidini, həm də müharibədən sonra başlayan bərpa və yenidənqurma prosesini təcəssüm etdirir.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Hit.az-a açıqlamasında bildirib ki, 20 noyabr Azərbaycan tarixində xüsusi yeri olan, Qarabağın taleyində mühüm dönüş yaradan tarixlərdəndir:
“Bu gün Ağdamın uzun illər davam edən işğaldan sonra yenidən ölkəmizin nəzarətinə keçməsini, xalqımızın əzmkarlığını və dövlətimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində apardığı ardıcıl siyasəti xatırladır. Ağdamın adı təkcə coğrafi məkan kimi deyil, həm də Qarabağın tarixi, mədəniyyəti və milli yaddaşı ilə bağlı bir anlayış kimi yaşayır.
Tarixən Qarabağın mühüm şəhərlərindən biri olan Ağdam özünün iqtisadi fəallığı, kənd təsərrüfatı imkanları, sənətkarlıq ənənələri və mədəni mühiti ilə seçilib. Şəhər Pənahəli xanın İmarət kompleksi, Cümə məscidi və digər tarixi abidələri ilə zəngin irsə malikdir. Muğam sənəti, xalçaçılıq və xalq yaradıcılığı da Ağdamın mədəni kimliyinin formalaşmasında mühüm rol oynayıb. Bu torpaq Azərbaycan ədəbiyyatına, elminə, incəsənətinə və ictimai həyatına töhfə vermiş çoxsaylı şəxsiyyətlər yetişdirib”.
Lakin həmsöhbətimiz qeyd edib ki, XX əsrin sonlarında baş verən Ermənistan-Azərbaycan münaqişəsi şəhərin inkişaf yolunu yarımçıq qoydu:

“1993-cü il iyulun 23-də Ağdam rayonunun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şəhər əhalisi doğma evlərini tərk etməyə məcbur oldu, yaşayış binaları, məktəblər, mədəniyyət müəssisələri və iqtisadi obyektlər dağıdıldı. Bir vaxtlar canlı şəhər həyatının hökm sürdüyü Ağdam uzun illər xarabalığa çevrilmiş vəziyyətdə qaldı. İşğal dövründə Cümə məscidinin də məruz qaldığı dağıntılar və təhqirlər şəhərin üzləşdiyi faciənin acı mənzərələrindən biri idi.
Ağdamın taleyində yeni səhifə 2020-ci ildə başlanan Vətən müharibəsindən sonra açıldı. Azərbaycan Ordusunun 44 günlük müharibədə əldə etdiyi qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticələr yaratdı. Noyabrın 20-də Ağdam rayonunun Azərbaycan Respublikasının nəzarətinə qaytarılması uzun illər yurd həsrəti ilə yaşayan sakinlər üçün böyük sevinc və qürur mənbəyinə çevrildi. Bu hadisə yalnız hərbi-siyasi baxımdan deyil, həm də xalqın mənəvi həyatında da mühüm əhəmiyyət daşıdı”.
Millət vəkili söyləyib ki, Prezident İlham Əliyevin 2020-ci il noyabrın 23-də Ağdama səfəri şəhərin yeni mərhələyə qədəm qoymasının rəmzi hadisələrindən biri oldu:
“Dövlətimizin başçısı Ağdam Cümə məscidini ziyarət etdi və şəhərdə Azərbaycan bayrağını ucaltdı. Bununla da uzun illər işğalın ağır nəticələri ilə üzləşmiş Ağdamda dövlət quruculuğu və bərpa prosesinin yeni mərhələsi başladı. 2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla noyabrın 20-si Ağdam Şəhəri Günü elan edildi. Bu qərar şəhərin azad olunması ilə bağlı tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinə, gələcək nəsillərə çatdırılmasına xidmət edir. Ağdam Şəhəri Günü həm də doğma torpaqlar uğrunda mübarizə aparanların fədakarlığını və qayıdış arzusunu yaşadan əlamətdar tarixdir.
İşğaldan sonrakı dövrdə Ağdamın qarşısında tamamilə yeni inkişaf modeli formalaşdırmaq vəzifəsi dayanır. Dövlət tərəfindən şəhərin yenidən qurulması üçün genişmiqyaslı layihələrə başlanılıb. Yeni yaşayış sahələrinin salınması, yolların çəkilməsi, enerji təminatının yaxşılaşdırılması, sosial obyektlərin inşası və müasir şəhər infrastrukturunun yaradılması bu prosesin əsas istiqamətlərini təşkil edir”.
P. Vəliyeva diqqətə çatdırıb ki, Ağdamın Baş planında şəhərin gələcək simasının müasir urbanizasiya, ekoloji tarazlıq və dayanıqlı inkişaf prinsipləri əsasında formalaşdırılması nəzərdə tutulur:
“Bərpa işləri yalnız yaşayış binalarının və inzibati obyektlərin tikintisi ilə məhdudlaşmır. Nəqliyyat əlaqələrinin yenilənməsi, dəmir yolu və avtovağzal infrastrukturunun qurulması, elektrik təsərrüfatının inkişafı, rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi də şəhərin gələcək potensialı üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, mina təhlükəsinin aradan qaldırılması və ərazilərin təhlükəsizliyinin təmin olunması Ağdamda normal həyatın bərpası üçün vacib şərtlərdəndir.
Şəhərin dirçəlişində iqtisadi canlanma xüsusi yer tutur. Ağdam Sənaye Parkının yaradılması bölgədə istehsalın genişləndirilməsi, sahibkarlığın təşviqi, yeni iş yerlərinin açılması və investisiya imkanlarının artırılması baxımından mühüm addımdır. Bununla yanaşı, rayonun aqrar potensialının yenidən istifadəyə verilməsi, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi, taxılçılıq, üzümçülük və heyvandarlığın inkişafı üçün də əlverişli imkanlar mövcuddur. Ağdamın nəqliyyat baxımından əlverişli mövqeyi onun gələcəkdə regional ticarət və logistika mərkəzlərindən birinə çevrilməsinə şərait yarada bilər”.
Həmsöhbətimiz əlavə edib ki, bütün bu layihələrin əsas məqsədi isə Ağdamı yenidən insanların yaşadığı, çalışdığı və gələcək qurduğu şəhərə çevirməkdir:
“Çünki əsl bərpa prosesi yalnız infrastrukturun yenilənməsi ilə tamamlanmır. Şəhərin məktəblərində uşaqların təhsil alması, ailələrin öz evlərində məskunlaşması, sahibkarlıq fəaliyyətinin genişlənməsi və ictimai həyatın canlanması Ağdamın həqiqi dirçəlişinin əsas göstəriciləridir. Bu baxımdan Böyük Qayıdış proqramı şəhərin gələcək inkişafında mühüm yer tutur.
2022-ci il noyabrın 16-da təsdiq edilmiş I Dövlət Proqramı keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və layiqli qayıdışının təmin edilməsini, yaşayış şəraitinin yaxşılaşdırılmasını və azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin bərpasını hədəfləyir. Ağdama sakinlərin mərhələli şəkildə qayıtması şəhərin sosial həyatının yenidən qurulmasına, ailə və icma münasibətlərinin bərpasına təkan verir.
Ağdamın gələcək inkişafı bütövlükdə Qarabağın iqtisadi və sosial mənzərəsinə də təsir göstərəcək. Burada yaradılan sənaye, nəqliyyat, kənd təsərrüfatı və xidmət infrastrukturu bölgənin iqtisadi əlaqələrini genişləndirmək üçün yeni imkanlar açır. Beləliklə, Ağdam tədricən yalnız tarixi keçmişi ilə deyil, müasir iqtisadi potensialı və inkişaf perspektivləri ilə də diqqət çəkən şəhərə çevrilir”.
Deputat vurğulayıb ki, Ağdamın bugünkü tarixi həm də bu torpaqların müdafiəsi və azadlığı uğrunda həyatını itirmiş şəhidlərimizin xatirəsi ilə bağlıdır:
“Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və sonrakı dövrlərdə ölkəmizin suverenliyi uğrunda canından keçən qəhrəmanların fədakarlığı heç vaxt unudulmayacaq. Onların mübarizəsi nəticəsində bu gün Ağdamda yenidən quruculuqdan, yaşayışdan və gələcək inkişafdan danışmaq mümkündür.
Ağdam Şəhəri Günü keçmişin ağrılarını xatırlatmaqla yanaşı, əldə olunan tarixi nailiyyətlərin və qarşıda duran quruculuq hədəflərinin də ifadəsidir. Bu gün şəhərin yenidən həyata qayıtmasının, milli yaddaşın qorunmasının və doğma torpaqlarda yeni həyatın qurulmasının rəmzi kimi xüsusi məna daşıyır”.
Sevinc


