Avropanın Balear adalarında yadplanetli deyil, başqa ərazilərdən gətirilərək burada məskunlaşan invaziv ilan növləri sürətlə yayılır. Onların arasında ən geniş əraziyə yayılanı nalşəkilli ilan (Hemorrhois hippocrepis) hesab olunur. Bu növ artıq İbiza adasının ərazisinin 90 faizindən çoxunda qeydə alınıb.
HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri “WP Tourism”ə istinadən məlumat yayıb.
Bioloqların sözlərinə görə, sözügedən sürünənlər yerli mühitə yaxşı uyğunlaşıb və onların yayılma arealı getdikcə genişlənir. Əsas narahatlıq isə bu ilanların adalarda yaşayan endemik canlılara, xüsusilə yerli kərtənkələlərə yaratdığı təhlükə ilə bağlıdır.
İlanlar adalara zeytun ağacları ilə daşınıb
Təbiətin mühafizəsi ilə məşğul olan “Palombar” Assosiasiyasının bioloqu Pedro Alveşin fikrincə, nalşəkilli ilanlar Balear adalarına İberiya yarımadasından və ya Şimali Afrikadan gətirilmiş ola bilər.
Mütəxəssis ilk ilanların materik İspaniyadan İbizaya dəniz yolu ilə daşınan zeytun ağaclarının yükü ilə adaya düşdüyünü ehtimal edir.
Sonradan sürünənlər özləri də arxipelaqın digər ərazilərinə yayılmağa başlayıblar. Yaxşı üzmə qabiliyyətinə malik olduqları üçün onlar adalar arasındakı qısa məsafələri qət edə bilirlər. İlanlara İbiza ilə yanaşı, Formentera və digər ərazilərdə də rast gəlinir.
Onlar hətta qərbi Balear arxipelaqında yerləşən Pitius adalar qrupunun kiçik adalarında da məskunlaşıblar. S'Espalmador, S'Espardel, Taquomaqo və Es Vedra həmin ərazilər sırasındadır. Sürünənlər üzə bildikləri üçün bəzən çimərliklərdə də görünürlər.
Yerli kərtənkələlərin sayı azala bilər
İnvaziv ilanların çoxalması Balear adalarında yaşayan Podarcis pityusensis növündən olan kərtənkələlər üçün ciddi təhlükə yaradır. Alimlərin qiymətləndirməsinə görə, nalşəkilli ilan artıq İbizanın 90 faizdən çox ərazisinə yayılıb. Onların sayının və yayılma arealının artması yerli kərtənkələlərin populyasiyasının sürətlə azalmasına səbəb ola bilər.
Pedro Alveş bildirib ki, bu kərtənkələlər təkcə nalşəkilli ilanların hücumuna məruz qalmır. Onların digər düşmənlərindən biri də su ilanı (Natrix maura) növüdür.
Bioloqun sözlərinə görə, Pitius adalarında ümumilikdə dörd yad ilan növü qeydə alınıb. Nalşəkilli ilan və su ilanından başqa, burada pilləli ilan (Zamenis scalaris) və Monpelye ilanına da rast gəlinir.
Pilləli ilanın yerli kərtənkələlərə təsiri digər növlərlə müqayisədə daha az hesab olunur. Aralıq dənizinin qərb hissəsində geniş yayılan Monpelye ilanı isə Balear adaları üçün yad növdür və arxipelaqda nalşəkilli ilan kimi sürətlə yayılır.
Pedro Alveş yerli hakimiyyət orqanlarını Podarcis pityusensis kərtənkələsinin qorunması üçün təcili tədbirlər görməyə çağırıb. Onun fikrincə, invaziv yırtıcıların yayılması davam edərsə, bu növün mövcudluğu daha ciddi təhlükə ilə üzləşə bilər.
Samir


