Uşaqda məktəb tükənmişliyinin 5 əsas əlaməti

SOSİAL
20:59 / 30.10.2026
49

Uşağın dərslərdən yüksək qiymətlər alması, ev tapşırıqlarını vaxtında yerinə yetirməsi və dərnəklərə qatılması onun özünü yaxşı hiss etdiyi anlamına gəlmir. Bəzən məktəb tükənmişliyi baş ağrısı, dostlardan uzaqlaşma və adi tapşırıqlara həddindən artıq emosional reaksiya kimi əlamətlərlə özünü göstərir.

HİT.az xəbər verir ki, uşaq psixoloqu Natalya Fedkayeva “Gazeta.ru”ya açıqlamasında məktəb tükənmişliyinin beş əsas əlamətini açıqlayıb.

Psixoloqun sözlərinə görə, ilk əlamət istirahətin uşağın vəziyyətini yaxşılaşdırmamasıdır. Uşaq daha çox yatsa və həftəsonunu evdə keçirsə belə, özünü yorğun hiss edə bilər. Belə hallarda valideynlər uşağın boş vaxtını müxtəlif fəaliyyətlərlə doldurmağa çalışmaq əvəzinə, ona dincəlmək və istədiyi məşğuliyyəti seçmək imkanı verməlidirlər. Vəziyyət dəyişməzsə, mütəxəssisə müraciət etmək məqsədəuyğundur.

İkinci əlamət uşağın əvvəllər maraq göstərdiyi fəaliyyətlərə həvəsinin azalmasıdır. O, idmana getmək, rəsm çəkmək və ya dostları ilə görüşmək istəməyə bilər. Belə vəziyyətdə uşağı əvvəlki məşğuliyyətlərini davam etdirməyə məcbur etməkdənsə, onun niyə marağını itirdiyini və yorğun olub-olmadığını anlamağa çalışmaq lazımdır.

Üçüncü əlamət sosial münasibətlərdə dəyişikliklərin yaranmasıdır. Məktəbli dostlarından uzaqlaşa, ünsiyyətdən sonra əsəbiləşə və ya ətrafındakıların ona diqqət göstərməməsinə həddindən artıq həssas yanaşa bilər. Buna görə valideynlər uşağın kimlərlə dostluq etdiyindən əlavə, həmin münasibətlərdə özünü necə hiss etdiyinə də diqqət yetirməlidirlər.

Dördüncü əlamət kompüter oyunlarının yeganə istirahət vasitəsinə çevrilməsidir. Oyunlar uşağa rahatlaşmaq, ünsiyyət qurmaq və uğur hissi yaşamaq imkanı verə bilər. Ancaq oyunlar yuxunu, qidalanmanı, dərsləri və canlı ünsiyyəti sıxışdırmağa başlayırsa, gündəlik rejimə yenidən baxmaq lazımdır.

Beşinci əlamət qiymətlərə və başqalarının rəyinə qarşı həddindən artıq həssaslıqdır. Uşaq ev tapşırığını dəfələrlə yoxlaya, elektron qiymət jurnalını açmaqdan qorxa və ya nəticələrə tamamilə laqeyd yanaşa bilər. Psixoloq belə hallarda diqqəti yalnız qiymətlərə deyil, uşağın öyrənmə prosesinə və göstərdiyi səylərə yönəltməyi tövsiyə edir.

Mütəxəssis vurğulayır ki, məktəb tükənmişliyi hər zaman dərslərdən, dərnəklərdən və ya oyunlardan imtina etməyi tələb etmir. Əsas məsələ uşağın hansı səbəbdən həddindən artıq yükləndiyini müəyyənləşdirməkdir. Bəzən istirahətə daha çox vaxt ayırmaq, dərs rejimini dəyişmək, müəllimlə danışmaq və yuxu müddətini artırmaq vəziyyətin yaxşılaşmasına kömək edə bilər.

Samir
 

0