Tramp, Putin və Si Szinpinin Çində üçtərəfli görüşü sual altına düşüb

DÜNYA
16:30 / 02.11.2026
54

Rusiya, ABŞ və Çin liderlərinin Çində keçirilməsi ehtimal olunan üçtərəfli görüşü ilə bağlı hələlik konkret razılaşma yoxdur. Kreml Vladimir Putinin Çin lideri Si Szinpinlə ikitərəfli danışıqlarına hazırlaşsa da, Donald Trampın da iştirak edəcəyi birgə görüşün baş tutub-tutmayacağı qeyri-müəyyən olaraq qalır.

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya tərəfi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Şençjendə keçiriləcək sammiti çərçivəsində Putinlə Si Szinpin arasında görüş təşkil etməyi planlaşdırır. Onun sözlərinə görə, liderlərin müzakirə edəcəyi məsələlər kifayət qədər geniş olacaq. Tərəflər ikitərəfli münasibətləri, əməkdaşlığı və beynəlxalq vəziyyəti nəzərdən keçirəcəklər.

Peskov Putin, Si Szinpin və Trampın iştirakı ilə üçtərəfli danışıqların keçirilməsi barədə Moskva, Pekin və Vaşinqton arasında hələlik konkret razılaşmanın olmadığını vurğulayıb. O, Rusiya prezidentinin sammit çərçivəsində görüş proqramının hələ hazırlandığını bildirib.

Bununla belə, Kreml sözçüsü Tramp və Putinin sammit zamanı Şençjendə olacaqları təqdirdə ikitərəfli görüş keçirə biləcəklərini istisna etməyib. Peskov bunun qısa söhbət, yoxsa genişmiqyaslı danışıqlar formatında olacağı barədə məlumat verməyib.

UNIAN-ın xatırlatdığına görə, “The Wall Street Journal” daha əvvəl üç liderin görüşü təşəbbüsünün məhz Putin tərəfindən irəli sürüldüyünü yazmışdı. İddia olunurdu ki, Rusiya prezidenti telefon danışığı zamanı Trampa belə bir görüş təklif edib.

Lakin Almaniya prezidenti Frank-Valter Ştaynmayer Pekinin Moskva və Vaşinqtonla birgə görüşdə maraqlı olmadığını bildirib. Onun sözlərinə görə, Çin Ukraynadakı müharibəni Avropa münaqişəsi hesab edir və nizamlanma prosesində avropalıların iştirak etməli olduğunu düşünür.

Ukrayna prezidenti Volodimir Zelenski də daha əvvəl müharibənin taleyi ilə bağlı razılaşmanın münaqişə tərəflərinin iştirakı ilə aparılmalı olduğunu vurğulayıb. Onun mövqeyinə görə, belə danışıqlarda birbaşa münaqişənin tərəfi olan ölkələr təmsil olunmalıdır.

Samir

0