Ağdamın işğaldan azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm tarixi hadisələrdən biridir.
Bu hadisə təkcə bir şəhərin və rayonun azadlığı deyil, həm də illərlə doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın qayıdış ümidinin gerçəkləşməsi demək idi. Ağdamın azadlığı Qarabağda yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, bölgənin bərpası, yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına dönüşü baxımından da böyük əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında Ağdamın işğaldan azad olunmasının bütün Azərbaycan xalqı üçün böyük sevinc və tarixi hadisə olduğunu bildirib:
“Ağdamın azad olunmasına təkcə ağdamlılar deyil, bütün Azərbaycan ürəkdən sevindi. Ağdam Azərbaycanın ən böyük şəhərlərindən biri olub. Ağdamlılar öz torpaqlarını qorumaq uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib, sonrakı mərhələdə də torpaqlarımızın azadlığı naminə böyük fədakarlıq göstəriblər.
Cənab Prezidentimiz İlham Əliyevin apardığı düşünülmüş və milli maraqlarımıza uyğun siyasət nəticəsində torpaqlarımızın bir hissəsi hərbi yolla, bir hissəsi isə siyasi qərarlar əsasında azad edildi. Bu prosesdə ilk azad olunan ərazilərdən biri Ağdam oldu. Ağdam Qarabağın qapısıdır”.

Millət vəkili qeyd edib ki, Ağdamın azad edilməsi Azərbaycan xalqının torpağa bağlılığını və doğma yurdların inkişafına verdiyi önəmi bir daha nümayiş etdirdi:
“Ağdamın dirçəlişi Azərbaycanın gücünün və birliyinin göstəricisidir. Qısa müddət ərzində Ağdam şəhərinin və kəndlərinin bərpası istiqamətində böyük işlər görülüb. Artıq şəhərdə müasir yaşayış kompleksi salınıb, məktəblər və uşaq bağçaları tikilib, insanlar işlə təmin olunublar.
Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələr istehsal etdikləri məhsullarla ölkə iqtisadiyyatına töhfə verir, onların əhəmiyyətli hissəsi xarici bazarlara ixrac olunur. Ağdamlılar da rayonun yenidən qurulmasında və əvvəlki qüdrətinin bərpasında fəal iştirak edirlər”.
Deputat diqqətə çatdırıb ki, Ağdamın qarşıdakı illərdə daha da inkişaf edərək müasir şəhərə çevriləcəyinə heç bir şübhə yoxdur:
“Şəhərdə müasir infrastrukturun bütün elementləri formalaşır. Cənab Prezident işğaldan azad edilmiş ərazilərə, o cümlədən Ağdama mütəmadi səfərlər edir, görülən işlərlə tanış olur, açılışlarda iştirak edir və sakinlərlə görüşür. Ağdamın dirçəlişi müasir Azərbaycanın uğurlarının mühüm nümunələrindən biridir.
Noyabrın 20-nin Ağdam Şəhəri Günü kimi qeyd olunması da bu tarixi hadisənin əhəmiyyətini bir daha vurğulayır. Bu gün hər bir azərbaycanlı Ağdamın tarixi şöhrətinin qaytarılmasına, şəhərin dirçəlişinə və ağdamlıların Vətən sevgisinə sevinir. Bu, bir daha göstərir ki, biz birlikdə güclüyük və Azərbaycanın hər bir bölgəsinin inkişafı hamımız üçün önəmlidir”.
Sevinc


