İspaniyada Roma imperiyası dövründə əkilmiş zeytun ağacı hələ də bar verir

DÜNYA
13:34 / 23.11.2026
32

İspaniyanın Kataloniya bölgəsində yaşı 1700 ildən çox olan zeytun ağacı bu gün də həyatını davam etdirir və meyvə verir. Roma imperiyası dövründə əkilmiş bu ağac ölkənin təbii və mədəni irsinin nadir nümunələrindən hesab olunur.

HİT.az xəbər verir ki, bu barədə “La Nación” nəşri məlumat yayıb.

Məlumata görə, ağacın təxminən eramızın 314-cü ilində, Roma imperatoru I Konstantinin hakimiyyəti dövründə əkildiyi ehtimal edilir. O, Qərbi Roma imperiyasının süqutunun, Orta əsrlərin və müasir şəhərlərin inkişafının şahidi olub. Minilliklər ərzində Aralıq dənizi iqliminə uyğunlaşan zeytun ağacı bütün bu müddət ərzində eyni ərazidə böyüməyə davam edib.

Hazırda ağac İspaniyanın Kataloniya bölgəsində, Ulldecona bələdiyyəsinin ərazisində yerləşən Arión Minillik Zeytun Ağacları Muzeyinin kolleksiyasına daxildir.

Ağacın ölçüləri də diqqət çəkir. Onun gövdəsinin çevrəsi 8,03 metr, piramida formasında olan əsas hissəsinin diametri təxminən 18 metr, hündürlüyü isə 6,5 metrdir. Ən maraqlısı isə bu nəhəng ağacın hələ də məhsul verməsidir.

1997-ci ildə Kataloniya hökuməti zeytun ağacına monumental ağac statusu verib. Bu status xüsusi təbii və tarixi əhəmiyyət daşıyan, qorunmağa ehtiyacı olan ağaclara şamil edilir. 2006-cı ildə isə İspaniya Zeytunçuluq Bələdiyyələri Assosiasiyası (AEMO) onu ölkənin ən yaxşı monumental zeytun ağacı seçərək birinci mükafata layiq görüb.

Ulldecona ərazisində bu ağacdan başqa da çoxsaylı qədim zeytun ağacları mövcuddur. Burada ümumilikdə 1300-dən çox minillik zeytun ağacının olduğu, onlardan təxminən 150-nin yaşının 1000 ildən artıq olduğu bildirilir.

Bu ağacların meyvələrindən ənənəvi Farga sortu əsasında hazırlanan “Farga Milenaria” zeytun yağının istehsalında istifadə olunur. Beləliklə, qədim ağaclar təkcə təbiət abidəsi deyil, həm də bölgənin kənd təsərrüfatı və iqtisadiyyatı üçün əhəmiyyət daşıyır.

Qədim zeytun ağaclarını görmək istəyən turistlər Arión muzeyini ziyarət edə bilərlər. Ulldecona bələdiyyəsi ilə razılaşdırılmaqla təşkil edilən bələdçili ekskursiyalar təxminən bir saat davam edir. Ziyarətçilər bu ağacların tarixçəsi və qorunmasının əhəmiyyəti ilə yaxından tanış olurlar.

Samir

0