Paşinyan Bakının tələbini qəbul etdi: Konstitusiya dəyişir

SİYASƏT
13:31 / 23.11.2026
94

“Ermənistanın Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın yer almaması Baş nazir Nikol Paşinyanın sülh prosesində siyasi iradə nümayiş etdirdiyini göstərir”. 

Bu sözləri “Cebhe.info” Xəbər Portalının baş redaktoru, siyasi şərhçi Rəfail Becanov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu, sülh istiqamətində atılmış müsbət addımdır:


“Azərbaycan hər zaman açıq şəkildə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üçün ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipial şərtdir. Bu prinsip yalnız siyasi bəyanatlarda deyil, eyni zamanda hüquqi müstəvidə də təsdiqlənməlidir. 

Ona görə ki, Azərbaycan sülh müqaviləsini bu gün Ermənistanda hakimiyyətdə olan qüvvə, siyasi partiya ilə imzalamaq niyyətində deyil. Əsas məqsəd Ermənistan dövləti və erməni cəmiyyəti ilə uzunmüddətli, dönməz və gələcək siyasi dəyişikliklərdən asılı olmayan sülh münasibətlərinin qurulmasıdır. 

Bu baxımdan, Azərbaycanın tələbi tamamilə məntiqlidir: Ermənistanın ali hüquqi sənədində Azərbaycana qarşı ərazi iddialarına zəmin yaradan müddəalar saxlanıldığı halda, hansı etibarlı və davamlı sülhdən danışmaq olar? Gələcəkdə ərazi iddialarının yenidən gündəmə gətirilməsinə imkan verən hüquqi-siyasi əsaslar aradan qaldırılmadan sülh müqaviləsinin imzalanması özü-özlüyündə gələcək problemlərin qarşısında dayanıqlı sənəd ola bilməz”.

Ekpsert qeyd edib ki, Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın olmaması gələcək ziddiyyətin aradan qaldırılması istiqamətində ilkin addım kimi görünür:
“Lakin burada tələsmək və baş verənləri artıq yekun nəticə kimi təqdim etmək hələ tezdir. Əsas məsələ layihənin qəbul edilməsi, onun yekun mətnində Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı iddianın hüquqi əsasının qalmaması və bu yanaşmanın Ermənistanın dövlət siyasətində real təminat qazanmasıdır.

Paşinyanın bu prosesi sona qədər apara biləcəyini indidən qəti şəkildə söyləmək çətindir. Ermənistan daxilində ciddi siyasi müqavimətin olacağı şübhəsizdir. Revanşistlər, keçmiş hakimiyyət dairələri, onların havadarları, erməni lobbisi və onların təsiri altında olan siyasi çevrələr bu addımın əleyhinə olacaqlar. Onlar cəmiyyətin müəyyən hissəsində qorxu və düşmənçilik üzərində qurulmuş siyasi ritorikanı qoruyub saxlamaqda maraqlıdırlar. Çünki revanşizmin mövcudluğu onların da siyasi mövcudluğunun əsas şərtlərindən biridir”.

Lakin baş redaktor vurğulayıb ki, Ermənistan cəmiyyəti də reallığı dərk etməlidir:
“Onlar, başa düşməlidirlər ki, keçmişin avantürist iddiaları ilə gələcək qurulmur. Ermənistanın qarşısında olan seçimlər ya regionun yeni geosiyasi reallıqlarını qəbul edib sülh, iqtisadi inkişaf və regional əməkdaşlıq yoluna qədəm qoymaq, ya da keçmişin siyasi ambisiyalarının girovuna çevrilərək qarşıdurma şəraitində yaşamaqdır.

İndiki mərhələdə Ermənistan üçün yaranmış şərtlərin kifayət qədər əlverişli olması qənaətindəyəm. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün siyasi iradə nümayiş etdirir və regionda yeni münasibətlər sisteminin formalaşmasında maraqlıdır. Ermənistanın bu imkandan istifadə etməsi onun maraqlarına da uyğundur.

Əks halda, İrəvan özü üçün daha mürəkkəb siyasi və hüquqi vəziyyət yarada bilər. Xüsusilə hər iki ölkənin 1991-ci il Almatı Bəyannaməsinə istinad etməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır”.

Rəfail Becanov onu da diqqətə çatdırıb ki, bu Bəyannamə ərazi bütövlüyünün və sərhədlərin qarşılıqlı tanınmasının əsası kimi qəbul edilirsə, Ermənistanın həmin prinsipə zidd olan konstitusion müddəaları saxlamaq cəhdi Azərbaycanın da bu siyasi-hüquqi yanaşmaya münasibətini yenidən nəzərdən keçirməsinə səbəb ola bilər: 
“Başqa sözlə, İrəvanın indiki mərhələdə atacağı addım qarşılaşa biləcəyi daha mürəkkəb problemlərin qarşısını almaq imkanıdır. Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan sülhü regionda qarşıdurmanın birdəfəlik aradan qalxmasında görür. Lakin sülh birtərəfli güzəşt, yaxud Azərbaycanın öz təhlükəsizlik maraqlarından imtina etməsi hesabına qurula bilməz. Sülh qarşılıqlı məsuliyyət, hüquqi öhdəlik və siyasi təminatlar üzərində dayanmalıdır.

Revanşistlərin bu prosesi asanlıqla qəbul edəcəyini gözləmirəm. Onlar sülhü siyasi məğlubiyyət kimi qələmə verməyə, cəmiyyətdə yeni qarşıdurma yaratmağa çalışacaqlar. Ona görə ki, müharibə ritorikasından siyasi dividend əldə edənlər üçün sülh təhlükədir, adi erməni vətəndaşı üçün isə sülh təhlükəsizlik, rifah və normal həyat imkanıdır”.

Həmsöhbətimiz söyləyib ki, regionda sülh üçün yaranmış indiki siyasi imkanlar sonsuz deyil:
“Azərbaycan öz mövqeyini ortaya qoyub. İndi Ermənistanın üzərinə düşən məsuliyyət bu fürsəti reallaşdırmaqdır. Sülh bu region üçün sadəcə alternativ deyil. Sülh böyük tarixi şansdır. Bu şansı əldən vermək Ermənistan üçün bağışlanmaz siyasi məsuliyyət olar”.

Elmir Mustafa

0