“Ərzaq bazarında davamlı qiymət artımı, zəifləyən alıcılıq qabiliyyəti və istehlakçı hüquqlarının qorunması məsələsi cəmiyyətdə ciddi problemlər yaradır”.
Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, marketə daxil olan hər insan diqqətini ilk növbədə rəflərdəki məhsullara deyil, qiymət etiketlərinə yönəldir:
“Bir həftə əvvəl aldığı ərzaq məhsulunun bu gün bahalaşdığını görən vətəndaş istər-istəməz özünə sual verir: bu bahalaşma nə vaxta qədər davam edəcək? Təəssüf ki, son illərdə ərzaq məhsullarının qiymətində müşahidə olunan artım artıq təsadüfi və müvəqqəti hadisə təsiri bağışlamır. Bahalaşma gündəlik həyatın ayrılmaz reallığına çevrilib.
10 manatla bazara getmək keçmişdə qalıb, ən azı 50 manatla gündəlik ərzaq dalınca getməlisən. Əhalinin gəlirləri isə bu xərcləri qarşılamır. Söhbət insanların istirahətindən, əyləncəsindən və ya əlavə xərclərindən deyil, birbaşa gündəlik qida ehtiyaclarından gedir. İnsanların süfrəsindəki ərzağın miqdarı və çeşidi azalması təkcə iqtisadi məsələ deyil, ciddi sosial problemdir”.
Ekspert qeyd edib ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artıb:
“Üstəlik, 2026-cı ilin sentyabr ayında ərzaq qiymətlərinin əvvəlki aya nisbətən 1,4 faiz yüksəlib. Həmin ay tərəvəzlərin, yumurtanın, ət və ət məhsullarının qiymətində də artım qeydə alınıb.
Bu rəqəmlər rəsmi statistikanın göstərdiyi mənzərədir. Ancaq nəzərə almaq lazımdır ki, ümumi inflyasiya göstəricisi gündəlik bazar göstəricilərini tam ifadə etmir. Çünki insanlar bütün məhsulları eyni həcmdə almırlar.
Aztəminatlı ailələrin büdcəsində ərzağın payı daha böyük olduğundan, gündəlik tələbat məhsullarının bahalaşması onların həyatına daha ağır təsir göstərir. Başqa sözlə, orta statistik göstəricinin 5-6 faiz olması o demək deyil ki, hər bir ailənin ərzaq xərcləri də eyni nisbətdə artır”.
Həmsöhbətimiz əlavə edib ki, qiymət artımının bütün səbəblərini marketlərin üzərinə qoymaq düzgün olmaz:
“Ərzaq məhsullarının qiymətinə beynəlxalq bazarlardakı dəyişikliklər, idxal xərcləri, nəqliyyat və logistika, istehsalın maya dəyəri, enerji və əməkhaqqı xərcləri təsir göstərir. Azərbaycanın bir sıra ərzaq məhsulları üzrə idxaldan asılılığı da bu məsələdə mühüm amildir.
Xarici bazarlarda qiymətlərin yüksəlməsi, təchizat zəncirində yaranan problemlər və digər iqtisadi dəyişikliklər daxili bazara təsirsiz ötüşmür. Beynəlxalq Valyuta Fondunun 2026-cı ildə Azərbaycan iqtisadiyyatına dair hesabatında da ərzaq inflyasiyasına təsir edən amillər arasında xarici iqtisadi faktorların mühüm rol oynadığı vurğulanır”.
Lakin Novruz Novruzovun sözlərinə görə, bütün bunlar bazarda baş verən hər bir qiymət artımını avtomatik olaraq əsaslandırmır:
“Əsas suallar bunlardır: xarici bazarda məhsulun qiyməti dəyişmədiyi, yaxud əvvəlki səviyyədə qaldığı halda, onun ölkə daxilində satış qiyməti hansı səbəbdən artır? İstehsalçıdan istehlakçıya qədər uzanan ticarət zəncirində neçə vasitəçi iştirak edir? Məhsulun maya dəyəri ilə son satış qiyməti arasındakı fərq nə qədərdir? Məhz bu qeyri-mütənasiblik, daha dəqiq desək, qiymətləndirmədə olan monopoliya və özbaşınalıq bahalaşmanı stimullaşdıran ciddi amillərdəndir.
Nəzarətin zəifliyi marketlərdə müdiriyyətin özbaşına qiymət artırmasına imkan yaradır. Hər gün vətəndaşlar ərzağın üzərindəki qiymətlə kassada qeyd olunan qiymət arasındakı uyğunsuzluqdan şikayət edir. Alıcı iradını bilsirəndə isə satıcılar and-aman edirlər ki, bu iş onlarlıq deyil.
Məsələn, cari ilin iyul ayında yayılan məlumatlarda da “Araz Supermarket” barəsində məhsulların üzərində göstərilən qiymətdən baha satılması faktı ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edildiyi bildirilirdi. Bu, istehlakçı hüquqlarının qorunması sahəsində nəzarətin nə qədər vacib olduğunu göstərən konkret nümunədir. Bu faktlar onu göstərir ki, işin təşkilində ciddi nöqsanlar var və ticarətdə monopolist idarəetmə hökm sürür”.
Müsahibimiz söyləyib ki, iri supermarket şəbəkələri ərzaq ticarətində mühüm mövqeyə malikdir:
“Onların geniş satış imkanları, təchizatçılarla münasibətləri və bazardakı təsir gücü qiymətlərin formalaşmasında da əhəmiyyətli rol oynayır. Təbii ki, hər bir sahibkarın mənfəət əldə etmək hüququ var. Bazar iqtisadiyyatının mahiyyəti də məhz bundan ibarətdir. Lakin sahibkarlıq azadlığı istehlakçının hüquqlarını pozmaq, qiymət siyasətində qeyri-şəffaflığa yol vermək və ya bazardakı mövqedən sui-istifadə etmək hüququ vermir”.
Pərviz


