Həddindən artıq qorunan uşaqlar böyüyəndə bu 6 xüsusiyyətə sahib olur

SOSİAL
20:17 / 24.11.2026
44

Valideynlərin uşaqlarına həddindən artıq nəzarət etməsi onların gələcək həyatına mənfi təsir göstərə bilər. Psixoloqlar bildirirlər ki, hər addımı izlənilən, müstəqil qərar verməsinə imkan yaradılmayan uşaqlarda özünə inamsızlıq, gizlilik və münasibətlərdə çətinliklər kimi xüsusiyyətlər formalaşa bilər.

HİT.az xəbər verir ki, bu barədə “Your Tango” yazıb.

Klinik psixoloq Meri Enn Littlin fikrincə, valideynlərin həddindən artıq müdaxiləsi uşaqların müstəqillik bacarıqlarını inkişaf etdirməsinə mane olur. Nəticədə onlar yetkinlik yaşına çatdıqda həyatın real çətinlikləri qarşısında özlərini aciz hiss edə bilərlər.

Psixoloqlar belə ailələrdə böyüyən insanlarda müşahidə olunan altı əsas xüsusiyyəti qeyd ediblər.

1. Valideynləri ilə emosional məsafə yaranır

Uşağın hər addımına nəzarət edilməsi zamanla valideynlə övlad arasında münasibətlərin soyumasına səbəb ola bilər. Daim sorğu-sual edilən və şəxsi azadlığı məhdudlaşdırılan uşaqlar müəyyən müddətdən sonra valideynləri ilə heç nə bölüşmək istəmirlər. Bu məsafə böyüdükcə yetkinlik dövründə də yaxın münasibət qurmaq çətinləşir.

2. Həddindən artıq diqqət gözləyirlər

Belə uşaqlar böyüdükdən sonra ətrafındakı insanlardan daimi diqqət və xüsusi münasibət gözləyə bilərlər. Klinik sosial işçi Emi Morinin fikrincə, həddindən artıq qorunan uşaqlarda dünyanın onların ətrafında fırlandığı düşüncəsi formalaşa bilər. Bu isə gələcəkdə özlərini başqalarından üstün görmələrinə və xüsusi imtiyazlara layiq olduqlarını düşünmələrinə gətirib çıxara bilər.

3. Səbəbsiz yerə belə sirr saxlamağa meyilli olurlar

Uşaqlıqda həyatının bütün təfərrüatlarını valideynlərinə danışmağa məcbur edilən insanlar zamanla bəzi məlumatları gizlətməyi öyrənirlər. Onlar tənqid və mübahisələrdən yayınmaq üçün şəxsi məsələlərini bölüşməməyə üstünlük verirlər. Klinik psixoloq Holli Şiffin sözlərinə görə, belə təcrübə insanda yaxın münasibətləri şəxsi müstəqilliyin itirilməsi ilə əlaqələndirmək vərdişi yarada bilər.

4. Müstəqil olsalar da, özlərinə güvənmirlər

Həddindən artıq nəzarət altında böyüyən insanlar yetkinlik dövründə şəxsi sərhədlərinə xüsusi əhəmiyyət verə bilərlər. Onlar başqalarından asılı olmamağa və qərarlarını özləri verməyə çalışırlar. Lakin uşaqlıqda çətinlikləri müstəqil şəkildə həll etmək imkanları məhdud olduğundan, böyüdükdə adi qərarlar qarşısında belə tərəddüd və narahatlıq yaşaya bilərlər.

5. Gecikmiş üsyankarlıq nümayiş etdirirlər

Valideyn nəzarətindən uzun müddət çıxa bilməyən uşaqlar azadlıq əldə etdikdən sonra əks davranış nümayiş etdirə bilərlər. Xüsusilə universitetə daxil olduqdan və ya ailədən ayrı yaşamağa başladıqdan sonra riskli addımlara meyil arta bilər. Bəzən bu davranış zərərli vərdişlərin yaranmasına və ətrafdakılarla münasibətlərin pozulmasına gətirib çıxarır.

6. Öz sağlamlıqlarına laqeyd yanaşırlar

Valideynləri tərəfindən daim nəzarətdə saxlanılan uşaqlar özlərinə qulluq etməyi müstəqil şəkildə öyrənməyə bilərlər. Yetkinlik yaşına çatdıqda isə həkim müayinələrini təxirə salmaq, sağlam qidalanmaya və fiziki aktivliyə diqqət yetirməmək kimi problemlər yarana bilər.

Emi Morinin fikrincə, uşaqlıqda yuxu rejimi, qidalanma və idmanla bağlı bütün qərarları valideynləri verən insanlar sonradan bu məsuliyyəti öz üzərlərinə götürməkdə çətinlik çəkə bilərlər.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, uşaqların təhlükəsizliyini təmin etmək vacib olsa da, bu, onların şəxsi sərhədlərinin və müstəqillik imkanlarının məhdudlaşdırılması hesabına baş verməməlidir. Valideyn nəzarəti ilə uşağa sərbəst qərar vermək imkanı arasında tarazlığın qorunması sağlam inkişaf üçün əhəmiyyətlidir.

Samir
 

0