Son zamanlar respirator infeksiyalarla bağlı narahatlıq yenidən gündəmə gəlib.
Xüsusilə qripəbənzər simptomlarla müşayiət olunan xəstəliklərə yoluxma halları diqqət çəkir. Burun axması, boğaz ağrısı, öskürək, hərarət və halsızlıq kimi əlamətlərlə özünü göstərən bu infeksiyalar həm böyüklər, həm də uşaqlar arasında yayılır.
Mövsümi xəstəliklərin artdığı belə dövrlərdə respirator viruslardan qorunmaq üçün hansı tədbirlərə əməl edilməli, xəstəliyin ağırlaşmaması üçün nələrə diqqət yetirilməlidir?
Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a açıqlamasında bildirib ki, qrip virusu zamanla dəyişikliklərə məruz qalaraq yeni variantlar şəklində yayılmağa davam edir:

“Bununla yanaşı, gündəlik həyatda çox vaxt adi soyuqdəymə kimi qəbul edilən müxtəlif respirator infeksiyalar da geniş yayılıb. Bu xəstəliklər təkcə burun və boğaz nahiyəsini deyil, bəzi hallarda aşağı tənəffüs yollarını da əhatə edərək daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Respirator infeksiyaların gedişatı hər insanda eyni olmur”.
Ekspert bildirib ki, bəzi şəxslərdə xəstəlik yüngül əlamətlərlə müşayiət olunduğu halda, digərlərində vəziyyət daha da ağırlaşa bilər:
“Xüsusilə simptomların güclənməsi, xəstənin ümumi vəziyyətinin pisləşməsi və tənəffüslə bağlı çətinliklərin yaranması diqqətdən kənarda qalmamalıdır. Belə hallarda özbaşına dərman qəbul etmək əvəzinə, müalicə mütləq həkim müayinəsi və nəzarəti altında aparılmalıdır”.
Sevinc

