Kənd təsərrüfatı ilə məşğul olanlara GÜZƏŞT

İQTİSADİYYAT
13:46 / 24.11.2026
69

Sahibkarların istehsal və kənd təsərrüfatı sahəsində yeni obyektlər yaratması və mövcud müəssisələrin imkanlarını genişləndirməsi üçün nəzərdə tutulan dövlət dəstəyi yeni mərhələyə qədəm qoyur.

2027-ci ildən etibarən tətbiq olunacaq mexanizmə əsasən, 2030-cu ilin sonunadək sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün tələb olunan vəsaitin yarısı dövlət hesabına ödəniləcək. Bu qərarın biznes subyektlərinin maliyyə yükünü nə dərəcədə azaldacağı, regionlarda istehsalın genişlənməsinə hansı imkanları yaradacağı və sahibkarların investisiya qərarlarına necə təsir edəcəyi maraq doğurur.

Eyni zamanda, elektrik təchizatı üzrə xərclərin azalması istehsal olunan məhsulların maya dəyərində özünü göstərə bilərmi? Gələcəkdə bu güzəştin əhatə dairəsinin genişləndirilməsi və dövlət dəstəyinin artırılması mümkündürmü?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, sənaye və kənd təsərrüfatı müəssisələrinin elektrik şəbəkəsinə qoşulma xərclərinin 50 faizinin dövlət tərəfindən qarşılanması sahibkarlar üçün mühüm iqtisadi dəstəkdir:

“Çünki yeni istehsal müəssisəsinin yaradılması zamanı ilkin investisiya xərclərinin əhəmiyyətli hissəsini infrastrukturun qurulması, elektrik xətlərinin çəkilməsi və şəbəkəyə qoşulma təşkil edir. Bu xərclərin yarısının dövlət hesabına ödənilməsi sahibkarın üzərinə düşən maliyyə yükünü azaldacaq, onun sərəncamında daha çox sərbəst vəsait qalmasına imkan verəcək. Həmin vəsait istehsal avadanlıqlarının alınmasına, texnologiyaların yenilənməsinə və iş yerlərinin yaradılmasına yönəldilə bilər.

Bu mexanizmin xüsusilə regionların iqtisadi inkişafına müsbət təsir göstərəcəyini düşünürəm. Çünki kənd təsərrüfatı və sənaye müəssisələrinin bir çoxu şəhər mərkəzlərindən kənarda, elektrik infrastrukturunun əlavə investisiya tələb etdiyi ərazilərdə yaradılır”.

416837

Ekspert hesab edir ki, elektrik şəbəkəsinə qoşulma xərclərinin azaldılması belə ərazilərdə sahibkarlığın inkişafını stimullaşdıra, yeni emal müəssisələrinin, soyuducu anbarların, istixanaların və digər istehsal obyektlərinin yaradılmasını sürətləndirə bilər:

“Bu isə regionlarda iqtisadi fəallığın artmasına, məşğulluğun genişlənməsinə və yerli məhsulların emal imkanlarının yaxşılaşmasına şərait yaradar. Güzəştin məhsulların maya dəyərinə təsirinə gəlincə, burada birbaşa deyil, dolayı təsirdən söhbət gedir. Elektrik şəbəkəsinə qoşulma xərcləri əsasən ilkin investisiya xərcləridir. Bu xərclərin azalması müəssisənin maliyyə yükünü və investisiyanın geriödəmə müddətini azaldır.

Nəticədə sahibkarın istehsala daha az kapitalla başlaması mümkün olur. Uzunmüddətli perspektivdə bu, istehsal xərclərinin optimallaşdırılmasına və məhsulların qiymət rəqabətliliyinin artmasına kömək edə bilər. Ancaq bu güzəşt avtomatik olaraq məhsulların ucuzlaşacağı anlamına gəlmir. Bunun üçün bazarda rəqabət mühiti də güclü olmalıdır”.

A. Nəsirli hesab edir ki, bu cür dövlət dəstəyi mexanizmlərinin gələcəkdə genişləndirilməsi məqsədəuyğundur:

“Xüsusilə ixracyönümlü istehsal, kənd təsərrüfatı məhsullarının emalı, ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması baxımından strateji əhəmiyyət daşıyan layihələrə daha geniş dəstək verilə bilər. Lakin dövlət güzəştlərinin əsas meyarı sadəcə sahibkarlara maliyyə yardımı göstərmək deyil, real iqtisadi nəticələrin əldə edilməsi olmalıdır.

Yaradılan iş yerləri, istehsal həcmi, yerli xammaldan istifadə, ixracpotensialı və regionların inkişafına töhfə kimi göstəricilər nəzərə alınmalıdır. Əsas məsələ dövlət dəstəyinin sahibkar üçün güzəşt olmaqla yanaşı, ölkə iqtisadiyyatı üçün də əlavə dəyər yaratmasıdır”.

Sevinc

0