Son illər ölkədə onlayn alış-verişə maraq xeyli artıb.
Xüsusilə 2020-ci ildə COVID-19 pandemiyasından sonra insanlar alış-veriş üçün daha çox internet platformalarına üz tutmağa başlayıblar. Bu gün də “Temu”, “Trendyol” kimi xarici platformalarla yanaşı, ölkə daxilində fəaliyyət göstərən mağazalar da geyim, məişət əşyaları və müxtəlif aksesuarların onlayn satışını və evlərə çatdırılmasını həyata keçirirlər.
Lakin bəzən sifariş edilən məhsul ünvana çatdırıldıqda onun qüsurlu, sınıq, yararsız və ya sifariş zamanı təqdim edilən təsvirə uyğun olmadığı məlum olur. Belə hallarda isə bəzi satıcılar məhsulu geri qəbul etməkdən yayınır və məsuliyyəti alıcının üzərinə qoyurlar. İlk növbədə, məhsul təhvil alınarkən onun vəziyyəti yoxlanılmalı, hər hansı qüsur aşkar edilərsə, foto və video görüntülərlə qeydə alınmalıdır.
Məhsulun qablaşdırmasını, sifariş təsdiqini, ödəniş qəbzini və satıcı ilə yazışmaları da saxlamaq vacibdir. Daha sonra satıcıya yazılı şəkildə müraciət edərək məhsulun dəyişdirilməsi və ya ödənilmiş məbləğin geri qaytarılması tələb olunmalıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 7-ci maddəsinə əsasən, alınmış məhsulda qüsur aşkar edildikdə istehlakçı onun keyfiyyətli məhsulla dəyişdirilməsini, qiymətinin azaldılmasını, qüsurun aradan qaldırılmasını və ya müqavilənin ləğv edilərək pulun geri qaytarılmasını tələb edə bilər. Satıcı isə qüsurlu məhsulu geri götürməyə və istehlakçının qanuni tələblərindən birini yerinə yetirməyə borcludur.
Bundan başqa, “Elektron ticarət haqqında” Qanunun 9-cu maddəsinə görə, alıcı müəyyən istisnalar nəzərə alınmaqla, müqavilənin icrasından 7 iş günü ərzində səbəb göstərmədən imtina edə bilər. Bu halda satıcı ödənilmiş məbləği 7 gün ərzində geri qaytarmalıdır.
Satıcı istehlakçının qanuni tələbindən imtina edərsə, vətəndaş yazışmaları və digər sübutları əlavə etməklə aidiyyəti dövlət qurumuna şikayət edə bilər. Unutmaq olmaz ki, onlayn alış-veriş zamanı da istehlakçının hüquqları qorunur və məhsulun internet vasitəsilə sifariş edilməsi satıcını məsuliyyətdən azad etmir.
Sevinc

