“Tesla FSD V15” təqdim olundu: Radarlarda avtomatik yavaşlayacaq

AVTO
17:00 / 24.11.2026
55

ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla” tam avtonom idarəetməyə yardım proqramı olan “Full Self-Driving” (FSD) sisteminin yeni “V15” versiyasını mərhələli şəkildə istifadəyə verməyə başlayıb. 

Hit.az xəbər verir ki, ilkin olaraq “AI4” (HW4) kompüter sisteminə malik məhdud sayda avtomobillərə göndərilən yeniləmənin geniş miqyasda dekabr ayında ənənəvi Yeni il proqram paketi çərçivəsində bütün uyğun nəqliyyat vasitələrinə çatdırılacağı bildirilir.   

Şirkətin bəyanatına görə, “FSD V15” yol səthindəki çuxurları, kiçik heyvanları və digər maneələri əvvəlki versiyalarla müqayisədə daha dəqiq müəyyən edir. “Tesla” təhlükəsizlik baxımından kritik vəziyyətlərdə sürücünün idarəetməyə müdaxilə ehtiyacının 25 dəfə azaldığını iddia edir.   

Yeni versiyada “FSD”, “Robotaxi” və humanoid robot “Optimus” layihələrində ortaq şəkildə istifadə olunan və milyonlarla video material üzərində təlim keçmiş yeni nəsil görüntü emalı modeli tətbiq edilib.   

Sistem yol nişanlarını, səth detallarını və dərin su gölməçələrini daha effektiv aşkarlayaraq onlardan yayınmağı bacarır. Həmçinin, məktəb zonalarındakı sürət məhdudiyyətlərinə və əlverişsiz hava şəraitinə uyğunlaşma alqoritmləri də təkmilləşdirilib. “Tesla” bu göstəricinin hansı baza məlumatlarına əsasən hesablandığını açıqlamadığı üçün yeniliyin gündəlik real istifadədə hansı səviyyədə nəticə verəcəyi hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. 

Üstəlik, “FSD V15” yeniləməsinin ən diqqətçəkən praktiki funksiyalarından biri yol kənarındakı sürət kameralarının tanınmasıdır. Belə ki, sistem qarşıda sürət kamerası aşkar etdikdə sürəti avtomatik olaraq azaldır. Sürücü isə istədiyi halda qaz pedalına toxunaraq bu yavaşlamanı ləğv edə bilər.   

Bundan əlavə, eyni kameranın qarşısında yavaşlama əmri sürücü tərəfindən iki dəfə ləğv edilərsə, “Tesla” həmin koordinatı yaddaşda saxlayır və növbəti keçidlərdə o nöqtədə avtomatik yavaşlama tətbiq etmir. 

Yeniləmə ilə birlikdə avtomobilin mərkəzi ekranında “Tesla Reality View” adlı yeni generasiya vizualizasiya sistemi istifadəyə verilib. Bu texnologiya nəqliyyat vasitəsinin ətraf mühitini sanki avtomobilin üzərində yerləşdirilmiş virtual kameradan baxılırmış kimi real vaxt rejimində canlı 3D görüntü şəklində əks etdirir.   

Sürücülər interfeysi tam ekran vizualizasiya, standart xəritə və ya bölünmüş ekran rejimlərində tənzimləyə bilərlər. Bundan əlavə, kabin daxilindəki səsli və vizual bildirişləri minimuma endirən xüsusi “səssiz rejim” də əlavə olunub.  

Bundan başqa, naviqasiya sistemi qlobal “Tesla” avtomobil parkından toplanan marşrut üstünlüklərini analiz edən yeni maşın öyrənməsi modelinə keçid edib. “FSD V15” sürücünün əvvəlki park etmə vərdişlərini təhlil edərək təyinat nöqtəsinə çatdıqda xəritədə bir neçə fərdi park yeri variantı təklif edir. 

Hətta avtomobilin arxa hissəsinə velosiped daşıyıcısı və ya qoşqu aksesuarı bərkidildikdə belə “FSD” sistemini aktivləşdirmək mümkündür. Bu rejimdə avtomobil təyinat yerinin yaxınlığında kənara çəkilərək dayanır, geriyə manevr etmir, “Autopark” və “Summon” funksiyaları isə müvəqqəti söndürülür.   

Eyni zamanda, salon kamerası vasitəsilə sürücünün diqqətini izləmə sistemi papaq və günəş eynəyi taxıldıqda daha sabit işləyəcək şəkildə yenilənib. Qeyd edək ki, “FSD V15” arxitekturası bir müddətdir şirkətin “Robotaxi” parkında sınaqdan keçirilirdi.

Pərviz

0