ABŞ Ukraynaya dəstəyi azaldıb, Avropa Kiyevi təkbaşına müdafiə etməli olacaq

DÜNYA
13:14 / 25.11.2026
32

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukraynaya münasibətdə siyasəti sərtləşib. Nəticədə Kiyevin maliyyə və hərbi ehtiyaclarının qarşılanmasında əsas yük Avropanın üzərinə düşür.

HİT.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşrində dərc olunan təhlildə bildirilib.

Məqalədə qeyd olunur ki, Trampın ikinci prezidentlik müddətinin başlanmasından sonra Vaşinqtonun Ukraynaya münasibəti nəzərəçarpacaq dərəcədə dəyişib. ABŞ administrasiyası Rusiyaya qarşı bəzi sanksiyaları yumşaldıb, eyni zamanda Kiyevdən Rusiya ərazisindəki neft emalı müəssisələrinə uzaqmənzilli zərbələri dayandırmağı tələb edib.

Nəşrin yazdığına görə, noyabrın 26-27-də keçiriləcək Avropa Şurasının iclasında Ukraynaya əlavə 45 milyard avro kredit ayrılması məsələsinə baxılacaq. Bu vəsaitin Kiyevin gələn il büdcə ehtiyaclarını və müdafiə xərclərini qarşılamağa kömək etməsi nəzərdə tutulur.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen kreditin Avropada dondurulmuş Rusiya aktivləri hesabına təmin olunacağını bildirib. Bununla belə, sözügedən vəsaitlərin müsadirəsi ilə bağlı hüquqi və maliyyə riskləri hələ də müzakirə mövzusudur.

Məqalədə vurğulanır ki, Macarıstan, Slovakiya, Bolqarıstan və Çexiya yeni ümumavropa borclanmasına qoşulmaq məsələsində tərəddüd edir. Buna baxmayaraq, Avropa İttifaqının əlavə maliyyə paketini təsdiqləmək ehtimalı yüksək qiymətləndirilir.

“Foreign Policy” yazır ki, ABŞ Donald Trampın hakimiyyətə qayıtmasından sonra Kiyevə yeni maliyyə yardımı ayırmayıb. Bundan başqa, Vaşinqton bəzi dövrlərdə kəşfiyyat məlumatlarının və peyk rabitəsinin ötürülməsini dayandırıb, Avropa ölkələrinin ehtiyac duyduğu raket əleyhinə müdafiə sistemlərinin satışına da mane olub.

ABŞ-ın Ukraynaya münasibətini tənqid edən keçmiş amerikalı səfir Con Herbst hesab edir ki, Vaşinqtonun hazırkı siyasəti Rusiyanın maraqlarına xidmət edir.

“Tramp sadəcə Putini müdafiə edir və Ukraynanın özünü qorumasını çətinləşdirir”, - deyə o bildirib.

Nəşr hesab edir ki, Rusiya raket və dronlarının Ukrayna şəhərlərinə hücumlarını davam etdirdiyi bir vaxtda Avropa Kiyevin həm maliyyə, həm də hərbi ehtiyaclarını qarşılamaq məsuliyyətini daha çox üzərinə götürməli olacaq. Məqalədə bu vəziyyət Ukrayna ilə Avropanın ABŞ dəstəyi olmadan mübarizə aparmaq məcburiyyətində qalması kimi qiymətləndirilir.

Samir

0