Kəlbəcər – möhtəşəm təbiəti, zəngin tarixi, saf suları və əsrarəngiz dağ mənzərələri ilə Azərbaycanın ən gözəl guşələrindən biridir.
Uzun illər doğmalarından ayrı düşən bu qədim yurdun yenidən azadlığına qovuşması xalqımızın yaddaşında xüsusi yer tutur. Bu gün Kəlbəcər təkcə coğrafi məkan deyil, həm də qayıdışın, dirçəlişin, milli iradənin və tarixi ədalətin rəmzidir. Şəhər Günü isə bu torpağın keçmişinə ehtiramın, bu gününə qürurun və gələcəyinə olan inamın ifadəsidir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Hit.az-a açıqlamasında deyib ki, Kəlbəcərin azad edilməsi Azərbaycanın həyata keçirdiyi hərbi-siyasi strategiyanın mühüm nəticələrindən biri oldu:
“Coğrafi mövqeyinə və mürəkkəb relyefinə görə Kəlbəcərin azad edilməsi kifayət qədər çətin proses idi. Buna baxmayaraq, Azərbaycan xalqı torpaqlarının bir qarışının belə işğal altında qalması ilə barışa bilməzdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Zəfər yürüşünə başlayarkən Kəlbəcərin azad edilməsi də qarşıya qoyulan məqsədlərdən biri idi.
Lakin Ermənistan müəyyən müddətdən sonra hərbi resurslarının tükəndiyini görərək Azərbaycandan atəşkəs istədi və kapitulyasiya aktını imzaladı. Nəticədə Ermənistan silahlı qüvvələri Kəlbəcərdən çıxarıldı. Prezidentin müvafiq Sərəncamı ilə noyabrın 25-i Kəlbəcər Şəhəri Günü elan edildi”.

Millət vəkili qeyd edib ki, Kəlbəcər azad edildikdən sonra ilk növbədə ərazinin minalardan təmizlənməsi, kommunikasiya xətlərinin bərpası və infrastrukturun yenidən qurulması istiqamətində işlərə başlanıldı:
“Yüksək dağlıq ərazidə yerləşməsi, xüsusilə payız və qış aylarında yolların çətin keçilən vəziyyətə düşməsi nəqliyyat infrastrukturunun yenilənməsini zəruri edirdi. Bu məqsədlə tunellərin inşası da nəzərdə tutuldu. Eyni zamanda şəhərin bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirildi. Bu gün Kəlbəcər yenidən qurulub, minlərlə kəlbəcərli öz doğma yurduna qayıdıb.
İstisu sanatoriyasının yenidən inşası istiqamətində də mühüm işlər görülür və yaxın gələcəkdə bu məkanın vətəndaşlarımızın istirahətinə və müalicəsinə xidmət etməsi gözlənilir. Hazırda Kəlbəcər müasir infrastrukturu, yenilənən siması və çoxşaxəli inkişafı ilə diqqətçəkən bölgələrimizdəndir. Hər birimiz qarabağlı olduğumuz kimi, hər birimiz kəlbəcərliyik. Kəlbəcər Şəhəri Günü münasibətilə hər kəsi ürəkdən təbrik edirik”.
Sevinc


