“Hazırda İsrail növbəti hökumətin formalaşdırılması baxımından ciddi siyasi dalana dirənib”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Tamilla Qulami Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra 120 yerlik Knessetdə Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blok 53, Qadi Eyzenkotun rəhbərlik etdiyi blok isə 48 mandat əldə edib:
“Ərəb partiyalarının 19 mandatı isə hökumətin taleyini müəyyənləşdirə biləcək əsas amillərdən birinə çevrilib. Bütün bunların fonunda Pezident İsaak Hersoq noyabrın 8-də hökuməti formalaşdırmaq mandatını Eyzenkota verib. Eyzenkotun da dekabrın 6-dək vaxtı var. Düşünürəm ki, Eyzenkotun hökumət qurmaq şansı var, amma bu, heç də asan olmayacaq.
Çünki onun əsas problemi yalnız parlamentdəki mandatların sayı deyil, həm də öz siyasi tərəfdaşları arasında mövcud olan fikir ayrılıqlarıdır. Xüsusilə ərəb partiyalarının dəstəyinə arxalanmaq məsələsi müxalifət daxilində birmənalı qarşılanmır. Həmçinin, yəhudiliyin qaydalarına ən sərt şəkildə əməl edən ultraortodoksal dini partiyalarla razılığa gəlmək də hərbi xidmət güzəştləri məsələsində ciddi kompromislər tələb edir”.
Həmsöhbətimiz Eyzonkotun Netanyahu ilə bərabər milli birlik hökumətinin qurma ehtimalından da danışıb:
“Netanyahu ilə birlikdə milli birlik hökumətinin yaradılması isə ilk baxışdan real çıxış yolu kimi görünə bilər, amma burada əsas maneə hakimiyyətin kimə məxsus olacağıdır. Hamı bilir ki, Netanyahu baş nazir postunu qorumaq istəyir, Eyzenkot isə hökumətə özünün rəhbərlik etməsində israrlıdır.
Noyabrın 15-də tərəflər arasında aparılan danışıqlarda da bu məsələlər üzrə razılıq əldə olunmayıb. Bununla yanaşı Eyzenkotun Netanyahu ilə bağlı siyasi mövqeyi və 7 oktyabr hadisələrinin araşdırılması tələbi onlar arasındakı münasibətləri daha da mürəkkəbləşdirir. Həm də buna görə onun Netanyahu ilə koalisiya ehtimalını çox aşağı görürəm”.
T. Qulami diqqətə çatdırıb ki, tərəflərin siyasi maraqları və hakimiyyət ambisiyaları bir-birinə daban-dabana ziddir:
“Bununla belə yenə də qeyd edim ki, danışıqların uğursuzluğu və növbədənkənar seçki təhlükəsi onları kompromisə məcbur edə bilər. Ən maraqlı məqam isə budur ki, Netanyahu üçün Eyzenkotun hökumət qura bilməməsi də siyasi üstünlük yaradacaq.
Çünki bu halda növbəti mərhələdə hökumət qurmaq mandatını yenidən əldə etmək imkanı yüksəkdir. Bu gün İsraildə hazırkı mübarizə təkcə hökumət uğrunda deyil, həm də Netanyahunun siyasi gələcəyinin müəyyənləşdirilməsi uğrunda gedir. Nəticəni də 6 dekabradək görəcəyik”.
Elmir Mustafa



