Məktəblilərin bir çoxu dərsliklərdəki məlumatları yadda saxlamağa, suallara isə öyrəndiklərini anlamaqdan daha çox əzbərlədikləri cümlələrlə cavab verməyə çalışırlar.
Bəzən şagird dərsi sözbəsöz təkrarlaya bilsə də, həmin məlumatın mahiyyətini izah etməkdə, onu gündəlik həyatda tətbiq etməkdə çətinlik çəkir. Halbuki təhsilin əsas məqsədi uşaqlara hazır məlumatları yadda saxlamağı deyil, düşünməyi, sual verməyi, araşdırmağı və öyrəndikləri arasında əlaqə qurmağı öyrətməkdir. Əzbərçilik üzərində qurulan yanaşma isə şagirdin müstəqil düşünmə və yaradıcı təfəkkür imkanlarını məhdudlaşdıra bilər.
Bəs uşaqları sadəcə dərsi yadda saxlamağa deyil, öyrəndiklərini anlamağa necə həvəsləndirmək olar? Məktəbdə və ailədə hansı yanaşmalar dəyişməlidir ki, şagird üçün təhsil məcburi əzbərləmə prosesindən maraqlı öyrənmə təcrübəsinə çevrilsin?
Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Hit.az-a şərhində bildirib ki, müasir təhsil sistemində şagirdlərin qarşılaşdığı ən ciddi problemlərdən biri məlumatı dərk etmədən, mexaniki şəkildə əzbərləmək vərdişidir:

“Hesab edirəm ki, bu tendensiya təkcə şagirdlərin fərdi öyrənmə vərdişlərindən deyil, həm də tədris və qiymətləndirmə mexanizmlərinin strukturundan qaynaqlanır. Elmi tədqiqatlar sübut edir ki, insan beyni təcrid olunmuş faktları deyil, mövcud biliklərlə əlaqələndirilən, səbəb-nəticə zənciri yaradan informasiyanı uzunmüddətli yaddaşda saxlayır. Əgər biz şagirdlərdən sadəcə dərslik mətnlərini olduğu kimi təkrarlamağı tələb ediriksə, onların beynini yalnız xatırlama səviyyəsində məhdudlaşdırmış oluruq”.
Ekspertin fikrincə, əzbərçilik alışqanlığını aradan qaldırmağın ilk və ən fundamental şərti qiymətləndirmə fəlsəfəsini dəyişməkdir:
“Təcrübələr göstərir ki, şagirdin dərsə yanaşmasını məhz imtahan və yoxlama suallarının xarakteri müəyyənləşdirir. Summativ və formativ qiymətləndirmələrdə reproduktiv, yəni “nə vaxt?”, “harada?” tipli suallar əvəzinə analiz, sintez və tətbiqetmə tələb edən açıq tipli tapşırıqlara üstünlük verilməlidir. Eyni zamanda, sinif otağında psixoloji təhlükəsizlik mühiti formalaşdırılmalıdır. Şagird səhv etməkdən və ya öz sözləri ilə danışarkən cəzalandırılmaqdan çəkindiyi üçün kitab cümlələrinə sığınır. Səhvi uğursuzluq kimi deyil, zehni inkişafın təbii mərhələsi kimi qəbul etmək onlara sərbəst düşünmə cəsarəti verir”.
Onun sözlərinə görə, beynəlxalq təcrübəyə nəzər salsaq, yüksək akademik nəticələr göstərən ölkələrin bu problemi sistemli şəkildə həll etdiyini görərik:
“Məsələn, Finlandiya təhsil modelində fənlərarası inteqrasiyaya və fenomen əsaslı öyrənməyə xüsusi yer ayrılır. Burada şagirdlər ayrı-ayrı faktları əzbərləmir, real həyat hadisələrini müxtəlif elmlərin prizmasından təhlil edirlər. Sinqapur təcrübəsində isə “az öyrət, daha dərindən öyrət” yanaşması tətbiq olunur ki, bu da proqram yüklənməsini azaldaraq şagirdlərə tənqidi düşünmək və mövzunun mahiyyətinə nüfuz etmək üçün vaxt qazandırır”.
İlqar Orucov düşünür ki, əzbərçilikdən mənalı öyrənməyə keçid üçün müəllim bilik ötürücüsü rolundan çıxaraq prosesi yönləndirən fasilitatora çevrilməlidir:
“Tədris prosesində məlumatın sadə dildə yenidən izahını tələb edən Feynman texnikası, anlayışlar arasında vizual əlaqə yaradan konseptual xəritələr və layihə əsaslı öyrənmə metodları geniş tətbiq olunmalıdır. Dərsdə “nə?” sualını “niyə?” və “necə?” sualları ilə əvəz etdiyimiz zaman şagirdlərimizi passiv məlumat daşıyıcısı olmaqdan çıxarıb düşünə, analiz edə, məntiqi yanaşma ortaya qoya bilən fəal tədqiqatçı şagird obrazına keçirə biləcəyik və bu halda əzbərçiliyə də ehtiyac qalmayacaq”.
Sevinc


