Azərbaycanın zəngin təbiəti, qədim tarixi və strateji mövqeyi ilə seçilən dilbər guşələrindən biri olan Kəlbəcərin işğaldan azad edilməsi tariximizin ən şanlı səhifələrindən biridir.
Hit.az bildirir ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 Noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi bu möhtəşəm Zəfərin dövlət səviyyəsində əbədiləşdirilməsinin və tarixi ədalətin bərpasının təntənəsidir.
Kəlbəcərin qurtuluş tarixinin müstəsna əhəmiyyətini şərtləndirən əsas amillərdən biri onun Vətən müharibəsindəki parlaq Qələbəmizin nəticəsi olaraq, 10 Noyabr Bəyanatına əsasən bir güllə belə atılmadan, şəhid vermədən azad edilməsidir. Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi misilsiz şücaət və Müzəffər Ali Baş Komandanın qətiyyətli diplomatiyası Ermənistanı kapitulyasiya aktına imza atmağa və 27 ildən artıq müddətdə işğal altında saxladığı bu sərt relyefli strateji bölgəni tərk etməyə məcbur etdi.
Bu gün təkcə Kəlbəcər sakinləri üçün deyil, bütövlükdə Azərbaycan xalqı üçün milli qürur və ləyaqətin bərpası günüdür. İşğal illərində Ermənistan tərəfindən Kəlbəcərin zəngin təbii sərvətləri amansızcasına talan edilib, əsrlərlə yaşı olan tarixi, mədəni və dini abidələri vandalizmə məruz qoyulub, meşələri yandırılmış və ekoloji terror törədilib.
Məhz buna görə Kəlbəcər Şəhəri Gününün qeyd olunması həm gənc nəsillərin yaddaşında işğalın ağrılı izlərini və Zəfərin qiymətini canlı saxlamaq, həm də erməni vandalizmini beynəlxalq ictimaiyyətə unutmamaq baxımından böyük mənəvi və siyasi məna daşıyır.
Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Kəlbəcər tamamilə yenidən qurulur və öz əvvəlki şöhrətini bərpa edir. Murovdağın altından çəkilən möhtəşəm tunellər, müasir avtomobil yolları, su elektrik stansiyaları, “İstisu” sanatoriyasının bərpası və yeni yaşayış komplekslərinin inşası bölgəni Qarabağ və Şərqi Zəngəzurun ən mühüm iqtisadi, turizm və enerji mərkəzlərindən birinə çevirir. Kəlbəcər Şəhəri Günü bu cənnət diyarın əbədi dirçəlişinin, dövlətimizin sarsılmaz gücünün və xalqımızın öz doğma yurduna qayıdış əzminin rəmzi kimi daim yaşayacaq.
Pərviz


