Məktəbə ilk dəfə qədəm qoymaq uşaq üçün yeni və fərqli bir mərhələnin başlanğıcıdır.
Bu mərhələdə uşağın yalnız dərsə deyil, yeni mühitə, müəllimə, sinif yoldaşlarına və valideyndən müəyyən müddət ayrı qalmağa da psixoloji cəhətdən hazır olması vacibdir. Bəs valideynlər uşağın məktəb həyəcanını azaltmaq və bu keçidi daha rahat etmək üçün nələrə diqqət etməlidirlər?
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, ilk dəfə məktəbə gedən uşağın daxilində bir-birinə zidd hisslər ola bilər: "O, məktəbə getməyi səbirsizliklə gözləyə, eyni zamanda müəllimdən, sinif yoldaşlarından, dərsdə səhv etməkdən və valideyndən uzaqda qalmaqdan narahat ola bilər. Uşağın bütün bunları sözlə ifadə edə bilməməsi isə narahatlığının olmadığı anlamına gəlmir.
Bəzən valideyn uşağı ruhlandırmaq istəyərkən onun üzərinə fərqinə varmadan əlavə məsuliyyət qoyur. “Artıq böyümüsən”, “məktəbdə ağlama”, “müəllimin sözündən çıxma”, “hamıdan yaxşı oxu” kimi ifadələr uşağın məktəbi özünü daim sübut etməli olduğu bir məkan kimi qəbul etməsinə səbəb ola bilər.
Bunun əvəzinə uşağa məktəbdə hər şeyin ilk gündən mükəmməl alınmasının vacib olmadığı anlatılmalıdır. O, müəllimindən nəyisə soruşa, səhv edə, hansısa tapşırığı başa düşməyə bilər. Əsas məsələ səhv etməmək deyil, bilmədiyini soruşmaq və öyrənməkdir".
Həmsöhbətimiz hesab edir ki, daha sağlam yanaşma məktəbdə həm maraqlı, həm də çətin məqamların ola biləcəyini əvvəlcədən normal şəkildə izah etməkdir:
"Məsələn, ilk günlər yorula bilər, müəllimin dediklərinin hamısını dərhal başa düşməyə bilər və ya yeni dost tapmaq bir qədər vaxt apara bilər. Bunların hamısının normal olduğu uşağa hiss etdirilməlidir.
Birinci sinfə başlayan uşağın psixoloji hazırlığında valideyndən qısa müddətlik ayrılmaq bacarığı xüsusi əhəmiyyət daşıyır. Uşaq evdə hər işini valideynin köməyi ilə görürsə, məktəbdə birdən-birə özünü tək hiss edə bilər.
Ona görə də məktəb başlamazdan əvvəl uşağın gündəlik həyatında kiçik müstəqilliklər artırıla bilər".
Sevinc


