AMD prosessorlarını Intel istehsal edə bilər - İki nəhəng arasında danışıqlar

TEXNO
16:48 / 02.11.2026
51

Prosessor bazarının iki böyük rəqibi “Intel” və “AMD” yeni əməkdaşlıq layihəsi çərçivəsində bir araya gələ bilər. “Intel”in baş icraçı direktoru Lip-Bu Tan “AMD”nin rəhbəri Liza Su ilə mümkün tərəfdaşlıq barədə müzakirələr apardığını açıqlayıb. Ehtimal olunan əməkdaşlığın istiqaməti hələlik dəqiqləşdirilməsə də, gündəmdə çip istehsalı da daxil olmaqla bir neçə variant var.

HİT.az xəbər verir ki, bu barədə Türkiyənin “CHIP” nəşri məlumat yayıb.

Uzun illərdir prosessor bazarında rəqabət aparan hər iki şirkət bəzi texnoloji standartların və proqram təminatlarının hazırlanmasında artıq birgə fəaliyyət göstərir. Belə ki, 2024-cü ilin oktyabrında digər texnologiya şirkətlərinin də iştirakı ilə x86 Ekosistemi üzrə Məsləhət Qrupu yaradılıb. Təşəbbüsün əsas məqsədi “Intel” və “AMD” prosessorlarının eyni proqram təminatı ilə daha uyğun işləməsini təmin etməkdir.

Əməkdaşlıq süni intellekt texnologiyalarını da əhatə edir. “AMD” prosessorlarda süni intellekt əməliyyatlarının məhsuldarlığını artıran ZenDNN texnologiyasını “Intel”in açıq mənbəli oneDNN proqram təminatına inteqrasiya etməyə çalışır.

Bununla belə, son danışıqlar tərəflərin daha genişmiqyaslı layihələr üzərində işləyə biləcəyi ehtimalını gündəmə gətirib. Mümkün əməkdaşlıq proqram təminatının hazırlanması, prosessorların dizaynı və ya birbaşa çip istehsalı ilə bağlı ola bilər.

Diqqət çəkən variantlardan biri “AMD”nin gələcək prosessorlarının “Intel” zavodlarında istehsalıdır. “Intel” yalnız öz məhsullarını istehsal etməklə kifayətlənməyərək, digər şirkətlərə də çip istehsalı xidmətləri göstərmək niyyətindədir. Bu baxımdan “AMD” ilə mümkün tərəfdaşlıq şirkətin istehsal biznesinin genişlənməsinə şərait yarada bilər.

Lip-Bu Tan şirkətin 18A istehsal texnologiyası ilə kütləvi istehsala başladığını, daha qabaqcıl 14A texnologiyası üzərində isə işlərin davam etdiyini bildirib. “Intel” 14A üçün dizayn alətlərinin tam versiyasını 2027-ci ilin əvvəlində istifadəyə verməyi planlaşdırır.

Şirkət rəhbəri prosessor bazarında liderliyi geri qaytarmaq istədiklərini də vurğulayıb. Bu məqsədlə fərdi müştəri ehtiyaclarına uyğun çiplərin hazırlanması və istehsal imkanlarının genişləndirilməsi əsas prioritetlər sırasındadır.

Hələlik “Intel” və “AMD” arasında yeni əməkdaşlıq barədə rəsmi razılaşma əldə olunmayıb. Tərəflər rəhbərlərin görüşünü təsdiqləsələr də, mümkün layihənin detalları, icra müddəti və reallaşma ehtimalı barədə açıqlama verməyiblər.

Samir

0