Atasını tutdular, bacısı intihar etdi - torpaq altından Çin liderliyinə...

DÜNYA
08:33 / 24.10.2022
1408

Si Cinpinin həyat kredosu: “Bir dəfə alınmadı göz yaşı tökməyək, yenidən toparlanaq və yenidən cəhd edək...”

İlin əsas siyasi hadisələrindən biri - Çin Kommunist Partiyasının üç gün davam edən 20-ci qurultayı gözlənildiyi kimi başa çatdı. Hazırkı dövlət başçısı Si Cinpin yenidən baş katib seçildi və bu o deməkdir ki, növbəti beş il ərzində o, dünyanın ən güclü iqtisadiyyatına rəhbərlik etməyə davam edəcək.

Musavat.com Si Cinpinin dünyanın ən qapalı ölkələrindən birində hakimiyyət zirvəsinə necə yüksələ bildiyini xatırladır.

1953-cü ildə anadan olan Si Cinpin atası Xi Zonqxun “inqilabın atalarından biri”, Mərkəzi Komitənin üzvü və baş nazirin müavini idi. Amma tezliklə Çində hakimiyyət başına gələn Mao ona “sən” deyə müraciət etməyə cürət edən köhnə inqilabçılardan qurtulmağa başladı. Mərkəzi Komitədə təbliğata cavabdeh olan Si Cipinin atası inqilab qəhrəmanlarından biri haqqında nəşr olunan “yanlış və ideoloji cəhətdən zərərli” kitab səbəbindən bütün vəzifələrdən uzaqlaşdırıldı. Əvvəlcə sadə işçi kimi traktor zavoduna, sonra isə həbsxanaya göndərildi.

“Qırmızı mühafizəçilər” hər gün onların evinə basqın edib, nələrsə axtarırdılar, təhqir edirdilər. Si Cipinin böyük bacısı bu basqınların birindən sonra dözə bilməyib intihar etdi, anası isə “xalq düşməni” olan ərindən imtina etməli oldu.

15 yaşlı Si isə ölkənin ən yoxsul bölgələrindən birindəki kəndə “təhsil üçün" göndərildi. Onun “evi” elektrik və tualeti olmayan torpaq qazmadan ibarət idi.

Bir-iki ay sonra Si belə bir həyata dözə bilməyib Pekinə qaçdı. Lakin o, tezliklə saxlanıldı, daha da çətin bir əmək düşərgəsində qazmaçı işinə göndərildi.

“Bir vaxtlar Çernışevskinin “Nə etməli?” romanı məni heyran etdi, burada baş qəhrəman Raxmetov iradəsini gücləndirmək üçün mismarların üstündə yatır. Mən və dostlarım o qədər təsirləndik ki, gecəni döşəksiz çarpayılarda keçirməyə, yağış və qarda gəzməyə, buzlu duş qəbul etməyə başladıq” – Si o günləri belə xatırlayır.

Pekinə qalib kimi qayıtmaq üçün ən azı karyera iyerarxiyasının ilk addımından - komsomoldan başlamalı idi. Sürgündə olduğu yeddi ilin hər birində komsomola qəbul üçün yeddi dəfə ərizə verdi və nəticədə onun iradəsindən heyran olan yerli partiya üzvləri arzu etdiyi komsomol nişanını ona verdilər.

Onun karyerasında növbəti addım partiyaya qəbul olmaq idi. Si bu dəfə də on dəfə müraciət etdi. Onun xarakteri və siyasi üslubu belə qurulmuşdu: iradə, ardıcıllıq, emosionallıq. Bir dəfə alınmadı - heç nə, göz yaşı tökməyək, yenidən toparlanaq və yenidən cəhd edək...

Sonra Si kəndlilər və işçilər üçün kvotaya uyğun olaraq universitetə qəbul edildi. Çin isə getdikcə daha sürətlə dəyişir, Qərbə açılırdı. İnvestorlar ölkəyə daxil oldular və keçmiş “əqidəli kommunistlərin” bir çoxu oliqarxa çevrildi.

Lakin Si tam əks yolu seçdi, atasının köhnə dostu, müdafiə naziri Geng Biaonun katibliyinə getdi.

Daha sonra bacarıqlı bir gənc əvvəlcə rayonda, sonra şəhərdə, daha sonra isə regional idarədə rəhbər işlədi. Bununla belə, hakimiyyət zirvəsi hələ də əlçatmaz idi.

2006-cı ildə Şanxay şəhər komitəsində qalmaqal baş verdi: şəhərin meri rüşvət, dövlət vəsaitinin mənimsənilməsi və məşuqəsinə bahalı hədiyyələr aldığı üçün işdən çıxarıldı. Onun vakant vəzifəsini Si tutdu və bu şəhərdə işləri tez bir zamanda qaydaya saldı.

2012-ci il yaxınlaşırdı, Kommunist Partiyasının növbəti qurultayında yeni baş katib seçilməli idi. Yeni nəsil siyasətçilərin ən parlağı Bo Xilai idi. Lakin qurultaya az müddət qalmış məlum oldu ki, onun həyat yoldaşının xaricdə villası var, 12 yaşındakı oğlu İngiltərədə elit məktəbdə oxuyur. Vəssalam, karyera bitdi!

Həmişə təmkinli və dəqiq olan yoldaş Si isə qurultaydakı seçkidə hamıdan üstün oldu. ÇXR prezidenti kimi iki müddət artıq onu tarixə yazdırıb.

İndi Si Cinpinin 69 yaşı var. Siyasətdə, xüsusən də Şərqdə yaş yoxdur...

0