ABŞ Prezidenti Donald Tramp daha bir diqqətçəkən addım atıb.
O, bu dəfə özünün İsa Məsihə bənzəyən obrazda təsvir olunduğu fotoşəkil paylaşıb. Trampın bu paylaşımı qısa zamanda dünydada gündəm olub. Üstəlik, bu paylaşım böyük təpkilərə gətirib çıxarıb.
Bəs onun belə qeyri-adi paylaşımlarına səbəb nədir? Doğrudanmı, Tramp özünü İsa Məsih kimi görür?
İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında deyib ki, Donald Trampın bəzi qəribə hərəkət və addımları özünü daima diqqət mərkəzində saxlamaq üçündür:
“O, bütün dünyanın diqqətini özünə çəkmək istəyir. Görünür, xarakteri elədir. Həzrət İsa peyğəmbərdir, böyük bir missiya, din qoyub gedib. Lakin Tramp sadəcə prezidentdir və fəaliyyətini də hələ tam başa vurmayıb. Dünyada böyük ölkələrin güclü liderləri özlərini peyğəmbər, Tanrı elan ediblər. Bu barədə Quranda da var. Misir Fironu, Babilistan kralı özünü Allah hesab edirdi. Amma sonda acınacaqlı şəkildə qərq oldu. Yaxud Fatimilərin xəlifəsi Hakim Biəmrillah özünü Tanrının yerdəki mücəssəməsi elan etmişdi, gecə canavar parçaladı”.
Onun sözlərinə görə, Tramp sadəcə macəra axtarır:
“Axır aqibəti görünür ki, adi bitməyəcək. Çünki bu cür adamlar həmişə yenilik axtarışında, hamıdan fərqli addımlar atmaq istəyində olurlar. Siyasi yöndən də Trampın bu addımı xristian aləmində narazılıq yarada bilər. Çünki İsa xristianlıqda Tanrı, günahsız və uca sayılır. Tramp isə bir çox səhvlərə, günahlara yol vermiş insandır. Bəzən adamlar dünyanın bütün ləzzətlərini dadır, bütün nemətlərindən duyur, bütün vəzifə və şöhrətlərinə çatır, daha fərqli, daha ali məqam axtarmağa başlayırlar”.
İlahiyyatçı qeyd edib ki, Tramp üçün dünyanın ən güclü dövlətinə başçısı olmadan sonra ən üstün post İsa peyğəmbərin məqamıdır:
“Görünür ondan sonra da ümumiyyətlə özünü Tanrı hesab edəcək. Diqqət çəkmək və siyasi məqsədlərə nail olmaq üçün qəsdən edilən açıqlamalar da ola bilər. Epşteyn dosyesini unutdurmaq, diqqəti başqa mövzuya çəkmək üçün də belə qəribə paylaşımlar edə bilər”.
Günel Cəlilova



