Sloveniya parlamentinin yeni sədri Zoran Ştevanoviç ölkəsinin Şimali Atlantika Alyansından (NATO) çıxması və Moskvanı ziyarət etməsi ilə bağlı planlarını açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə “Radio Prvi”yə istinadən məlumat verilib.
Ştevanoviç bildirib ki, ölkə üzrə NATO-dan çıxışla bağlı ümumxalq referendumunun keçirilməsini nəzərdə tutur.
“Biz xalqa NATO-dan çıxışla bağlı referendum vəd etmişik və bu referendumu keçirəcəyik”, deyə o qeyd edib.
Bununla yanaşı, parlament sədri yaxın vaxtlarda Moskvaya səfər etməyi planlaşdırdığını bildirib. O, Rusiya ilə sanksiyaların mərhələli şəkildə yumşaldılmasını və iqtisadi əməkdaşlığın genişləndirilməsini dəstəklədiyini vurğulayıb.
“Divarlar və Şərqlə Qərb arasında qurulan baryerlərdən asılı olmayaraq, bütün ölkələrlə yaxşı əməkdaşlıq etmək və körpülər qurmaq istəyirəm. Buna görə də yaxın zamanda Moskvaya səfər etməyi planlaşdırıram”, deyə Ştevanoviç bildirib.
Eyni zamanda, siyasətçi onun “Rusiya yönümlü” olduğu ilə bağlı ittihamları rədd edib. O, fəaliyyətinin yalnız Sloveniya maraqlarına əsaslandığını bildirib.
“Mənim Rusiya yönümlü baxışlarım yoxdur, yalnız Sloveniya yönümlü baxışlarım var. Biz hesab edirik ki, Sloveniya öz siyasətini müstəqil və suveren şəkildə aparmalıdır”, deyə o vurğulayıb.
Məlumatda həmçinin qeyd olunur ki, Ştevanoviçin bəyanatları ölkənin xarici siyasət kursu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Samir


