Yunanıstanın Siros adası turistlər arasında o qədər də məşhur deyil, lakin getdikcə daha çox pulsuz qalmaq mümkün olan bir məkan kimi xatırlanır. Bununla belə, pulsuz yaşayışın da öz “qiyməti” var.
Hİt.az Podroze.gazeta-ya istinadən xəbər verir ki, Siros sakitliyi və populyar kurortlarda tapmaq çətin olan autentik atmosferi ilə insanları cəlb edir. Adada bir aylıq pulsuz mənzil çox cəlbedici səslənsə də, bu maraqlı təklifin arxasında müəyyən öhdəlik – heyvanlara gündəlik qulluq dayanır.
Yəni pulsuz yaşayışı “Sirosun pişikləri” adlı komandaya qoşulan könüllülər əldə edir. Bu komanda artıq uzun illərdir ki, sahibsiz heyvanları xilas edir.
Könüllülər minimum bir ay müddətində komandanın üzvü olurlar. Gündə təxminən 5 saat, həftədə 5 gün işləmək müqabilində onlar pulsuz yaşayış və səhər yeməyi əldə edirlər.
Bu yaxşı səslənsə də, aydındır ki, hər günün öz qrafiki var və bu qrafiki tətilə uyğunlaşdırmaq o qədər də asan deyil, çünki öhdəliklər kifayət qədər çoxdur. Səhər yemləmə yalnız başlanğıcdır. Daha sonra pişiklər üçün ayrılmış ərazinin təmizlənməsi, yorğanların yuyulması və yeni heyvanlar üçün yerlərin hazırlanması gəlir. Günün bir hissəsi isə pişik balalarına qulluqla keçir – onları insanlara öyrətmək və sahibləndirməyə hazırlamaq lazımdır. Bəzən isə pişikləri müalicə etmək və ya onların son anlarında yanında olmaq da tələb olunur.
Ərazidə siz dünyanın müxtəlif yerlərindən gəlmiş iki və ya üç könüllü ilə birlikdə yaşayırsınız. Hər kəsin öz otağı olur, lakin mətbəx və qonaq otağı ümumidir.
Bundan əlavə, təşkilat daimi nəzarət olmadan işləyə biləcək məsuliyyətli insanları axtarır. Seçim əvvəlcədən aparılır və yerlər məhduddur, buna görə spontan səfər planı çox güman ki, uyğun olmayacaq.
Həmçinin logistika məsələləri də var – adaya gediş xərclərini könüllü özü ödəyir, səhər yeməyi istisna olmaqla qidalanma xərcləri də ona aiddir.
Bununla belə, nəşrin qeyd etdiyi kimi, pişiklərə qulluq günün böyük hissəsini tuta bilər, amma bu o demək deyil ki, adanı kəşf etmək mümkün deyil.
“Yüklü qrafikə baxmayaraq, dənizə getmək və ya başqa bir şəhərə baş çəkmək asandır. Əksər marşrutlar cəmi bir neçə, maksimum on dəqiqə çəkir”, deyə nəşr yazır.
Adanın incisi onun paytaxtı Ermupolidir. Ağ rəngli tipik yunan mənzərələri əvəzinə burada pastel rəngli evlər və neoklassik memarlıq üstünlük təşkil edir ki, bu da daha çox İtaliyanın cənubunu xatırladır. Dar küçələr sizi kafelərə aparır, burada isə heç kim tələsmir, insanlar qəhvə və qəlyanaltı arxasında rahat söhbətlər edirlər.
“Bu məkan Sirosda gündəlik həyatın necə olduğunu yaxşı göstərir. Bir neçə saat işdən sonra mühiti dəyişmək çox asandır. Qısa bir səfərlə çimərliyə getmək, restorana baş çəkmək və ya sadəcə dənizə baxaraq oturmaq mümkündür”, deyə nəşr yekunlaşdırır.
Samir


